
Bakı. Trend:
Hindistanın təhsil naziri Dharmendra Pradhan universitet
imtahanlarında baş verən saxtakarlıq qalmaqalı fonunda keçirilən
etiraz aksiyalarının altıncı günündə – iyulun 25-də hökumətdən
istefa verdiyini açıqlayıb.
Nazir X sosial şəbəkəsində yazıb: “Cantar Mantar meydanında və
ölkədə yaranmış vəziyyəti nəzərə alaraq istefa ərizəmi baş nazirə
göndərmək qərarına gəldim.”
Bu açıqlamadan sonra paytaxt Nyu-Dehlidə universitet
imtahanlarındakı saxtakarlıqlara etiraz edən tələbələrin
nümayəndələri aksiyalara son verdiklərini bildiriblər.
“Bütün etirazçılardan dinc şəkildə evlərinə qayıtmalarını xahiş
edirik”, – deyə internetdə yaranmış və etiraz hərəkatına rəhbərlik
edən “Tarakanlar Xalq Partiyası”nın sözçüsü Aşutoş Ranka
jurnalistlərə bildirib.
Cümə günü Hindistan hökuməti Nazirlər Kabinetinin iclasında
imtahanlarda saxtakarlıq edən şəxslərə qarşı sürətləndirilmiş
məhkəmə prosedurlarının və sərt cəzaların tətbiqini nəzərdə tutan
qanun layihəsini təsdiqləyib. Sənədin yaxın vaxtlarda parlamentdə
müzakirəyə çıxarılması gözlənilir.
2024-cü ildə yenidən baş nazir seçildikdən sonra ilk dəfə ciddi
etirazlarla üzləşən Narendra Modi cümə günü axşam sosial
şəbəkələrdə yayımladığı videomüraciətdə etirazçılara ictimai
müzakirələrə verdikləri “müsbət töhfəyə” görə təşəkkür edib.
Etiraz aksiyaları iyunun sonunda Nyu-Dehlidəki Cantar Mantar
meydanında başlayıb. Aksiyalar internetdə yaradılmış satirik
“Tarakanlar Xalq Partiyası”nın (CJP) çağırışı ilə təşkil olunub.
Hərəkat Ali Məhkəmənin sədrinin işsiz gəncləri “tarakanlar”
adlandırmasına cavab olaraq formalaşıb.
Tələbələr tibb fakültəsinə qəbul imtahanının suallarının
əvvəlcədən sızdırılmasından sonra təhsil nazirinin istefasını tələb
edirdilər. CJP-nin məlumatına görə, təxminən 2 milyon abituriyent
imtahanı yenidən verməli olub, 20-dən çox gənc isə intihar
edib.
Hindistanda 25 yaşdan aşağı əhali ölkə əhalisinin təxminən 40
faizini təşkil edir. Gənclər üçün nüfuzlu ali məktəblərə və dövlət
qulluğuna qəbul imtahanları sosial yüksəlişin əsas vasitəsi hesab
olunur və ailələr buna illərlə vəsait xərcləyirlər.
Banqalordakı Azim Premji Universitetinin mart ayında dərc etdiyi
araşdırmaya əsasən, ali təhsilli 15–25 yaşlı gənclər arasında
işsizlik səviyyəsi 40 faizə, 25–29 yaşlılar arasında isə 20 faizə
yaxındır.
Pralad Coşi

