Bakı. Trend:
Fransanın Jirond departamentində davam edən genişmiqyaslı meşə
yanğınları səbəbindən hüquq-mühafizə qüvvələrinin böyük hissəsi
həmin bölgəyə cəlb olunduğundan, prefektura Tour de France 2026
veloturunun bazar günü keçiriləcək son mərhələsinin marşrutunu
dəyişmək qərarına gəlib.
Yarış təşkilatçılarının yaydığı məlumata görə, son mərhələ
əvvəlcədən planlaşdırıldığı kimi Yvelin departamentindəki Tuari
(Thoiry) qəsəbəsindən başlayaraq Parisdəki Yelisey çöllərində
(Champs-Élysées) başa çatacaq. Lakin Yvelində velosipedçilər yalnız
komandaların ənənəvi təqdimat mərasimində iştirak edəcəklər. Daha
sonra onlar avtobuslarla start xəttinə aparılacaq və yarışın rəsmi
startı yerli vaxtla saat 17:50-də veriləcək.
Təşkilatçılar bildiriblər ki, marşrutun dəyişdirilməsində məqsəd
son mərhələnin təhlükəsizliyini təmin etmək üçün əvvəlcədən
ayrılmış daxili təhlükəsizlik qüvvələrinin bir hissəsini meşə
yanğınlarından zərər çəkmiş ərazilərə yönləndirməkdir. Çərşənbə
günündən etibarən Fransanın cənub-qərbində 167 min nəfər təxliyə
edilib.
Əvvəlcə 133 kilometr nəzərdə tutulan son mərhələnin məsafəsi 89
kilometrə endirilib. Bununla belə, velosipedçilər Yelisey çölləri
dövrəsini əvvəl planlaşdırılan üç deyil, beş dəfə keçəcəklər.
Əvvəlki yarışda azarkeşlərin böyük marağına səbəb olan Monmartr
təpəsinə üç qalxış da proqramda saxlanılıb.
2025-ci ildə belçikalı Vaut van Aertə uduzan və Monmartra üçüncü
qalxış zamanı rəqibinin hücumuna tab gətirə bilməyən sarı mayka
sahibi Tadey Poqaçar bu il Paris mərhələsində qələbə qazanmaq üçün
növbəti şans əldə edəcək. Mütəxəssislərin fikrincə, qısa, lakin dik
yoxuşlar sprinterlərin qələbə ümidlərini demək olar ki, aradan
qaldırır.

