Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 15-də ölkəmizdə
rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter
Pelleqrini ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə ali qonaq Milli Məclisin plenar iclas
zalı ilə tanış olub.

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində
olublar.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Xatirə
kitabını imzalayıb.

Görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və
qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edən Milli Məclisin sədri
Sahibə Qafarova qeyd edib ki, son illərdə Azərbaycan ilə Slovakiya
arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlib. O bildirib ki, 2024-cü ildə imzalanmış
Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə
əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişafı üçün möhkəm
əsas yaradıb. Spiker fəal siyasi dialoqun, ali və yüksək səviyyəli
qarşılıqlı səfərlərin bu prosesdə mühüm rol oynadığını
vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin
dekabr ayında Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərin, eləcə
də Prezident Peter Pelleqrinin ölkəmizə cari rəsmi səfərinin
Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında yeni mərhələ
açdığını qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova Prezident Peter Pelleqrini
ilə əvvəlki illərdə keçirilmiş görüşlərini məmnunluqla xatırlayıb.
O, Slovakiya Milli Şurasının sədri, daha sonra isə Slovakiyanın Baş
naziri kimi Azərbaycana səfər etmiş Peter Pelleqrinin bu dəfə
Slovakiya Respublikasının Prezidenti qismində ölkəmizə rəsmi
səfərinin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada
keçirdiyi danışıqların ikitərəfli münasibətlərin inkişafı
baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Spiker bu səfərin
Azərbaycan–Slovakiya əlaqələrinin daha da möhkəmlənməsinə və
əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə
edib.

Söhbətdə humanitar sahədə, xüsusilə təhsil və mədəniyyət
istiqamətlərində əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bildirilib
ki, bu sahələr xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq
münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Cari ilin
oktyabr ayından etibarən Bakı ilə Bratislava arasında birbaşa
aviareyslərin açılmasının xalqlar arasında əlaqələrin inkişafına və
yeni əməkdaşlıq imkanlarının yaranmasına əhəmiyyətli töhfə verəcəyi
vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın
Azərbaycan–Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri
olduğu vurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib
ki, qanunverici orqanlar arasında qarşılıqlı səfərlər və müntəzəm
təmaslar ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verir. Beş il
əvvəl Slovakiyaya həyata keçirdiyi rəsmi səfəri məmnunluqla
xatırlayan spiker, bu ilin may ayında Slovakiya Milli Şurasının
sədri Rixard Raşinin Azərbaycana rəsmi səfəri zamanı parlamentlər
arasında Anlaşma Memorandumunun imzalanmasını yüksək
qiymətləndirib. O bildirib ki, bu sənəd parlamentlərarası
münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət
edir.

Görüşdə parlamentlərarası dostluq qrupları arasında da
əlaqələrin əhəmiyyəti vurğulanaraq, parlamentlərin profil
komitələri arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq
parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyətin daha da
inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə söz açan
Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin Slovakiyanın
Qarabağın bərpası prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib.
O, Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti
tərəfindən həyata keçirilən “ağıllı kənd” layihəsinin ölkələrimiz
arasında uğurlu praktiki əməkdaşlığın bariz nümunəsi olduğunu
bildirib. Qeyd olunub ki, ötən gün iki ölkə Prezidentinin iştirakı
ilə Ağdam şəhərində təməli qoyulan tam orta məktəb Azərbaycan ilə
Slovakiya arasında dostluğun daha bir rəmzinə çevriləcək.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini
Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan
məmnunluğunu ifadə edib. Ali qonaq qeyd edib ki, 2018-ci ildə
Slovakiyanın Baş naziri kimi Azərbaycana həyata keçirdiyi səfərdən
sonra onun rəhbərlik etdiyi hökumət ölkəsinin Azərbaycanda səfirlik
açması barədə qərar qəbul edib. O bildirib ki, bu addım Slovakiya
ilə Azərbaycan arasında münasibətlərin inkişafına verilən önəmin
ifadəsi olub. Prezident Peter Pelleqrini bu gün ölkələrimiz
arasında dostluq münasibətlərinin və siyasi dialoqun yüksək
səviyyədə olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla müxtəlif
sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı
olduğunu bildirib. Qeyd olunub ki, bu baxımdan son iki il ərzində
Slovakiyanın üç ali dövlət rəsmisinin Azərbaycana həyata
keçirdikləri səfərlər bunun bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirdiyi
rəsmi səfərin Şuşa şəhərindən başlanmasının xüsusi rəmzi məna
daşıdığını qeyd edən Prezident Peter Pelleqrini bildirib ki, Avropa
İttifaqına üzv ölkənin Prezidenti qismində Şuşaya rəsmi səfər edən
ilk dövlət başçısı olmaq onun üçün xüsusi qürur mənbəyidir. O,
Şuşada keçirilmiş görüş və müzakirələrin, eləcə də əldə olunmuş
razılaşmaların ölkələrimiz arasında münasibətlərin gələcək
inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Ali qonaq Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və
yenidənqurma işlərindən müsbət təəssüratlarını bölüşərək, Slovakiya
şirkətlərinin bu prosesə töhfəsini və həyata keçirdikləri
layihələri ölkələrimiz arasında uğurlu əməkdaşlığın bariz nümunəsi
kimi dəyərləndirib. Ağdamda tikiləcək tam orta məktəbə Slovakiyanın
görkəmli şəxsiyyətinin adının verilməsini qürurverici hadisə
adlandıran Prezident Peter Pelleqrini bunun Slovakiya ilə
Azərbaycan arasında dostluğun və qarşılıqlı hörmətin daha bir
təzahürü olduğunu bildirib.

Söhbət zamanı Milli Məclisin sədri ilə müxtəlif zamanlarda
keçirdiyi görüşləri məmnunluqla xatırlayan ali qonaq,
parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunaraq,
parlamentlərin aidiyyəti komitələri arasında əlaqələrin daha da
inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Sonda o, Milli
Məclisin sədrini yenidən Slovakiyaya rəsmi səfərə dəvət edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.