Putinlə görüş olmadan ərazi məsələlərinin həlli mümkünsüzdür – Zelenski

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir
Putinlə görüşmədən ərazi məsələsini həll etməyin mümkün olmadığını
bildirib.

Trend xəbər verir ki, bunu
Zelenski “Cesky Rozhlas”a müsahibəsində deyib.

Onun sözlərinə görə, ərazi məsələsi yalnız texniki qruplar
tərəfindən həll edilə bilməz.




“Ən azı Rusiya lideri ilə bu və ya digər formatda əlaqə saxlaya
bilməliyik. Mənim fikrimcə, belə bir format olmadan komandalarımız
ərazi məsələləri üzrə razılığa gələ bilməyəcəklər”, – deyə Zelenski
əlavə edib.

Daha sonra Zelenski ərazi məsələsini həll etmək üçün Putinlə
şəxsi görüşün zəruri olduğunu bir daha təkrarlayıb: “Hazırda
müharibənin sona çatması üçün 20 bəndlik plan mövcuddur və bu plan
ərazi məsələləri ilə bağlı qeyd etdiyiniz ağrılı məsələləri xüsusi
olaraq həll edir. Bir daha vurğulayıram ki, liderlərdən başqa heç
kimin bu məsələləri həll edə biləcəyinə inanmıram”.

Zelenski, həmçinin əlavə edib ki, sənəddə Avropa İttifaqına
üzvlük nəzərdə tutulduğu üçün 20 bəndlik sülh planının təkcə ABŞ,
Ukrayna və Rusiya tərəfindən deyil, həm də Aİ tərəfindən
imzalanması vacibdir.