Bakıda Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 22-də Bakı şəhərində Azərbaycan Respublikası ilə
Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

Trend xəbər verir ki, bu
barədə Nazirlər Kabineti məlumat yayıb.

İclasdan əvvəl Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin
Vitse-prezidenti Cevdet Yılmaz arasında təkbətək görüş olub.

Daha sonra Ə.Əsədov və C.Yılmazın həmsədrliyi və hər iki ölkənin
müvafiq dövlət qurumlarının rəhbərliyinin iştirakı ilə Birgə
Hökumətlərarası Komissiyanın 12-ci iclası keçirilib.

İclasda qeyd olunub ki, Azərbaycan ilə Türkiyəni dərin tarixi və
mədəni köklər üzərində qurulmuş möhkəm dostluq və qardaşlıq
münasibətləri birləşdirir.

2021-ci il iyunun 15-də Prezidentlər İlham Əliyev və Rəcəb
Tayyib Ərdoğan tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsinin
ikitərəfli münasibətləri müttəfiqliyin ən yüksək zirvəsinə
qaldırdığı bildirilib.

Dövlət başçıları arasında mövcud olan şəxsi münasibətlərin və
sıx təmasların strateji tərəfdaşlığın ardıcıl inkişafını təmin edən
əsas amil olduğu bildirilib.

Təkcə bu il Prezidentlər arasında 7 qarşılıqlı səfərin baş
tutduğu diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin 19 iyun tarixində Türkiyəyə son səfəri
zamanı Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasiminin
keçirildiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın isə noyabrın 8-də
Bakıda Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş
hərbi paradda iştirak etdiyi vurğulanıb. Bütün bunların siyasi
dialoqun yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.

Azərbaycan ilə Türkiyə arasında beynəlxalq təşkilatlar
çərçivəsində mövcud olan ənənəvi sıx əməkdaşlıqdan və qarşılıqlı
dəstəkdən məmnunluq ifadə olunub.

Türk Dövlətləri Təşkilatının hər iki ölkə üçün xüsusi əhəmiyyətə
malik olduğu vurğulanaraq Prezidentlər İlham Əliyevin və Rəcəb
Tayyib Ərdoğanın Türk dünyasının birliyi və TDT-nin beynəlxalq
aləmdə nüfuzunun artırılması üçün əzmkar fəaliyyət göstərdikləri
qeyd edilib.

Oktyabrda Qəbələdə TDT-nin 12-ci Zirvə Görüşünün baş tutduğu və
sədrliyin Azərbaycana keçdiyi bildirilib, sədrliyimiz dövründə
təşkilatın öz inkişafını davam etdirəcəyinə və nüfuzunu daha da
artıracağına əminlik ifadə olunub.

Bu il TDT-də yeni formatın – Hökumət
başçılarının/Vitse-prezidentin görüşünün yaradıldığı, Qırğızıstanda
keçirilən ilk görüşdən sonra Azərbaycanın 2026-cı ildə növbəti
iclasa ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.

İqtisadi-ticari sahədə ikitərəfli əlaqələrə toxunularaq
Türkiyənin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu
qeyd edilib. Bildirilib ki, hər iki ölkənin mövcud iqtisadi
potensialı və coğrafi üstünlükləri ticarət dövriyyəsinin həcmini
daha yüksək səviyyəyə qaldırmaq üçün real imkanların mövcud
olduğunu göstərir.

Preferensial Ticarət Sazişinin nəticələrinin təhlil edilərək
əhatə dairəsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

İnvestisiya sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən
məmnunluq ifadə olunub.

Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları meqa enerji
layihələrinin böyük regional və qlobal əhəmiyyət daşıdığı
bildirilib.

Cənub Qaz Dəhlizinin strateji önəmi vurğulanaraq son aylarda
Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayının 14-ə çatdığı,
onlardan 10-nun Avropa ölkəsi olduğu bildirilib.

Birgə səylərlə artıq Suriyaya qaz nəqlinə başlanıldığı, ilk
dəfədir ki, Türkiyə ərazisindən keçməklə Azərbaycan qazının Yaxın
Şərq regionuna çatdığı vurğulanıb.

Cari ilin mart ayında istismara verilən İğdır-Naxçıvan Təbii Qaz
Boru Kəmərinin Naxçıvan Muxtar Respublikasının enerji
təhlükəsizliyini gücləndirdiyi diqqətə çatdırılıb.

Elektrik enerjisi sahəsində də qarşılıqlı faydalı əməkdaşlığın
qurulduğu bildirilərək bu gün Naxçıvan-Türkiyə enerji qovşağı
layihəsi üzərində fəal işin aparıldığı qeyd edilib. Vurğulanıb ki,
Naxçıvanın bərpa olunan enerji potensialından istifadə olunaraq
Türkiyə və Avropa istiqamətində yaşıl enerjinin ixracı hədəflər
sırasındadır.

Nəqliyyat sahəsi Azərbaycan-Türkiyə əməkdaşlığının prioritet
istiqamətlərindən biri kimi dəyərləndirilib. İki ölkə arasında
avtomobil və dəmir yolu nəqliyyatı ilə yük daşımaları sahəsində
əməkdaşlığın gündəliyində duran aktual məsələlər müzakirə
olunub.

Orta Dəhlizin mühüm halqası olan Bakı-Tbilisi-Qars dəmir yolunun
daşıma qabiliyyətinin ötən il Azərbaycanın sərmayələri hesabına 1
milyon tondan 5 milyon tona qədər artırıldığı vurğulanıb. Ə.Əsədov
BTQ dəmir yoluna əlavə yük axınlarının cəlb edilməsi üçün səylərin
artırılmasının önəmini qeyd edib.

Orta Dəhlizin inkişafının hər iki ölkə üçün strateji əhəmiyyət
kəsb etdiyi bildirilib.

Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə
birləşdirilməsi üzrə Vaşinqtonda əldə edilmiş razılaşmaların
əhəmiyyəti qeyd olunub.

İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik
olacaq Zəngəzur dəhlizinin Orta Dəhlizin əsas xəttinə çevriləcəyi
vurğulanıb. Avqustda Zəngəzur dəhlizinin bir hissəsi olan
Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlinin qoyulmasının
əhəmiyyəti qeyd edilib.

Azərbaycan və Türkiyənin həmçinin humanitar əlaqələrə böyük
əhəmiyyət verdikləri bildirilib. Təhsil sahəsində əməkdaşlığa
xüsusi diqqət yetirilib.

2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan
Türkiyə–Azərbaycan Universiteti (TAU) təhsil sahəsində uğurlu
əməkdaşlığın bariz nümunəsi kimi səciyyələndirilib.

Bu ilin sentyabrında Bakıda Türk Anadolu Liseyinin yeni
filialının açılmasından məmnunluq ifadə olunub, növbəti tədris
ilindən İstanbulda da Azərbaycan məktəbinin yaradılacağı diqqətə
çatdırılıb.

Peşə təhsili sahəsində əməkdaşlığın nəticələri təqdir edilib, bu
sahədə Türkiyənin təcrübəsinin ölkəmiz üçün faydalı olacağına
ümidvarlıq ifadə olunub.

Eyni zamanda ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə
mübarizə sahəsində də əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Ə.Əsədov Türkiyənin COP31-in ev sahibi seçilməsi münasibətilə
C.Yılmaza təbriklərini çatdırıb, tədbirə hazırlıq prosesində
Azərbaycanın qardaş ölkəyə hərtərəfli dəstək göstərməyə hazır
olduğu diqqətə çatdırılıb.

İclasda hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin
gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.

Sonda Baş nazir Əli Əsədov və Vitse-prezident Cevdet Yılmaz
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının
Protokolunu imzaladılar və ikitərəfli əməkdaşlığın aktual
sahələrini əhatə edən 110-bəndlik Fəaliyyət Planını
təsdiqlədilər.