TDT-nin yenilənmiş Fəaliyyət Planı türk dövlətlərin texnoloji inteqrasiyasının əsasını formalaşdırır – Baş katib

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) 2025–2026-cı illər üçün
yenilənmiş Fəaliyyət Planı türk dövlətlərinin texnoloji
inteqrasiyasının əsasını formalaşdırır.

Trend xəbər verir
ki, bunu TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev Bakıda keçirilən
Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin sənaye, elm,
texnologiya və innovasiyalar nazirlərinin II iclasının gedişində
bildirib.

O qeyd edib ki, yenilənmiş fəaliyyət planı üzv ölkələr arasında
süni intellekt, rəqəmsal və “yaşıl” texnologiyalar,
standartlaşdırma, kosmik tədqiqatlar sahəsində əməkdaşlığı,
həmçinin kiçik və orta biznesin dəstəklənməsini gücləndirməyə
yönəlib.

Ömüraliyav vurğulayıb ki, nazirlər səviyyəsində görüş 12-ci TDT
Sammitinin Qəbələdə uğurla baş tutmasından sonra keçirilir və türk
dövlətlərinin strateji tərəfdaşlıqdan texnoloji inteqrasiyaya doğru
mühüm addımını təşkil edir. Keçən il İstanbulda keçirilən ilk
görüşdən bəri sənaye, elm, texnologiya və innovasiyalar sahəsində
əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

“Əldə olunan nəticələr arasında 2024-cü il Fəaliyyət Planının
icrasında işçi qrupların və alt qrupların irəliləyişi, süni
intellekt və rəqəmsal transformasiya sahəsində təcrübə mübadiləsi,
Türkiyə və İstanbulda “Technofest”, Özbəkistanda isə “Innoweek”
kimi beynəlxalq texnologiya festivalları vasitəsilə innovativ
ekosistemin inkişafı yer alır”, – deyə o bildirib.

O, TDT-yə üzv ölkələrin intellektual mülkiyyət müəssisələrinin
rəhbərlərinin Bişkekdə keçirilən ilk görüşünü və intellektual
mülkiyyətin qorunması və innovasiyaların dəstəklənməsi üzrə əsas
regional layihə kimi Ümumi Türk Patent Təşkilatının (CTPO)
yaradılması təşəbbüsünün irəlilədilməsini vacib hadisə
adlandırıb.