Azərbaycan bütün siyasi platformalarda ehtiramla qarşılanan dövlətdir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın xarici siyasət kursu respublikamızın milli
maraq və mənafelərini qətiyyətlə təmin etməklə yanaşı, regionda və
beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə
möhkəmləndirib. Prezident İlham Əliyevin son həftələrdə iştirak
etdiyi BMT Baş Assambleyasının 80-ci sessiyası, “Avropa Siyasi
Birliyi”nin 7-ci Zirvə toplantısı və Türk Dövlətləri Təşkilatının
Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü çərçivəsində
keçirdiyi görüşlər deyilənlərin bariz təsdiqidir.

Cənab İlham Əliyevin oktyabrın 9-10-da Tacikistana səfəri və MDB
Dövlət Başçıları Şurasının iclasında iştirakı bu reallığın növbəti
təzahürü oldu. Dövlətimizin başçısının Tacikistana səfəri iki baxış
bucağından – Azərbaycan-Tacikistan münasibətləri və Azərbaycan-MDB
münasibətləri kontekstindən qiymətləndirilməlidir.

Azərbaycanla Tacikistan arasındakı tarixi, mədəni və dini
bağlılıqlar, eləcə də ali səviyyədə təşəkkül tapmış qarşılıqlı
hörmət və ehtirama söykənən siyasi dialoq əlaqələrin əsasını təşkil
edir. Son illərdə münasibətlər daha da genişlənmiş, məzmunca
zənginləşərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bunun
əsas səbəbi Azərbaycan və Tacikistan prezidentləri arasındakı
dostluq münasibətləri, onların qarşılıqlı səfərləridir.

2024-cü ilin may ayında Tacikistan Prezidenti Emoməli Rəhmonun
Azərbaycana dövlət səfəri iki ölkə arasındakı əlaqələrin
inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoydu. Həmin səfər
zamanı imzalanan “Azərbaycan Respublikası ilə Tacikistan
Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”
dövlətlərarası münasibətlərə strateji məzmun gətirdi. Həmin səfər
çərçivəsində keçirilən biznes-forum isə tərəflərin iqtisadi-ticari
əlaqələrini inkişaf etdirmək üçün geniş imkanlara malik olduqlarını
göstərdi.

Prezident İlham Əliyevin bu günlərdə Düşənbəyə səfəri
Azərbaycanla Tacikistan arasındakı yüksək siyasi və dostluq
münasibətlərinin növbəti təcəssümü oldu. Prezidentlərin söhbəti
zamanı Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər
çərçivəsində görüşlər məmnunluqla xatırlandı, yüksəksəviyyəli
qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da
genişləndirilməsi işinə töhfə verdiyi bildirildi.

Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının
məhdud tərkibdə iclasında da iki dövlət arasındakı əlaqələrə nəzər
salaraq, qardaş Tacikistan xalqını Prezident Emoməli Rəhmonun
rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə
təbrik etdi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin ardıcıl
inkişafını qeyd edərək, onların qardaşlıq, dostluq, qarşılıqlı
dəstəyə əsaslandığını və böyük inkişaf potensialına malik olduğunu
bəyan etdi.

Azərbaycan və Tacikistan prezidentlərinin Düşənbədəki görüşü
dövlətlərarası əlaqələrin inkişafı istiqamətində böyük siyasi
əhəmiyyət daşıdı. Eyni zamanda bu görüş göstərdi ki, əlaqələrin
inkişaf etdirilməsi istiqamətində hər iki ölkənin rəhbərliyi böyük
siyasi iradə nümayiş etdirir.

Azərbaycan-MDB münasibətlərinə gəldikdə, respublikamız hər zaman
bu təşkilatın fəaliyyətinə böyük töhfələr verib. Ermənistan istisna
olmaqla bu gün Azərbaycanın digər MDB dövlətləri ilə yüksək
səviyyəli siyasi münasibətləri var. Bu münasibətlər həm ikitərəfli,
həm də kollektiv tərəfdaşlıq formasında uğurla həyata keçirilir.
Azərbaycanın MDB üzvləri ilə iqtisadi əlaqələri də ildən ilə artan
xətt üzrə inkişaf edir, əmtəə dövriyyəsi, qarşılıqlı
investisiyaların qoyulması artır.

Məlum olduğu kimi MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü
ilin 8 oktyabr tarixli qərarına əsasən Laçın şəhəri 2025-ci ildə
“MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Laçının 2025-ci ildə
MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilk növbədə bu təşkilatda
Azərbaycana olan yüksək ehtiramın nümunəsidir. Bu qərar mühüm
sosial-mədəni əhəmiyyət daşıyır və Azərbaycanın işğaldan azad
edilmiş ərazilərinin mədəni və iqtisadi dirçəliş prosesinə MDB
üzvləri tərəfindən dəstəyinin ifadəsidir. Laçın şəhərinin “MDB-nin
mədəniyyət paytaxtı” elan edilməsi həm də bu şəhərin mədəni
dirçəlişi və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyası
üçün mühüm təkandırDüşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud
tərkibdə iclasında bu məsələyə diqqət çəkən cənab Prezident İlham
Əliyev Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi
namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına
təşəkkürünü bildirdi. Eyni zamanda dövlətimizin başçısı tamamilə
dağıdılmış Laçının bir neçə il ərzində ən gözəl və yaşayış üçün
rahat şəhərlərdən birinə çevrildiyini böyük qürurla iclas
iştirakçılarının diqqətinə çatdırdı.

Bu günlərdə isə Azərbaycan III MDB Oyunlarına ev sahibliyi etdi.
Bu idman tədbirinin 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə
qərar “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin
bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş”
iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20
dekabr tarixli növbədənkənar iclasında qəbul edilib. Bu hüququn
Azərbaycana verilməsi də MDB çərçivəsində respublikamıza olan böyük
etimadın göstəricisi oldu.

III MDB Oyunları Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ,
Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirildi.
Yarışlarda həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən
çox idmançı iştirak etdi. Respublikamız indiyə qədər ev sahibliyi
etdiyi digər idman tədbirləri kimi III MDB Oyunlarını da yüksək
səviyyədə təşkil etdi. Xarici qonaqlar bir daha təşkilatçılığın və
qonaqpərvərliyin Azərbaycan nümunəsinə şahidlik etdilər.

Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının
məhdud tərkibdə iclasında III MDB Oyunlarına da toxunaraq bildirdi
ki, bu qəbildən olan tədbirlər MDB məkanında və onun hüdudlarından
kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu,
qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin
güclənməsinə kömək edir.

Cənab Prezident İlham Əliyevin Tacikistana səfəri Azərbaycanın
çoxvektorlu xarici siyasətinin növbəti göstəricisi oldu.
Dövlətimizin başçısının bu səfəri və MDB Dövlət Başçıları Şurasının
məhdud tərkibdə iclasında iştirakı bir daha təsdiq etdi ki,
Azərbaycan bütün siyasi platformalarda ehtiram və hörmətlə
qarşılanan dövlətdir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı