Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənovun Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin
12-ci üçtərəfli görüşü çərçivəsində Ankara şəhərinə səfəri davam
edir.

Trend
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov
ilə gürcüstanlı həmkarı cənab İrakli Çikovani arasında oktyabrın
9-da ikitərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan və Gürcüstanın hərbi sahədə əməkdaşlığının
regionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyi, eləcə də
ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarımızın
görüşlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb.

Qeyd edilib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda
görüşlərin keçirilməsi bütün sahələrdə olduğu kimi hərbi sahədə də
əlaqələrimizin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Regionda mövcud hərbi-siyasi vəziyyəti müzakirə edən nazirlər,
üçtərəfli və ikitərəfli formatda əməkdaşlığın inkişaf edərək bütün
sahələri əhatə etməsinin xalqlarımızın dayanıqlı sülh şəraitində
firavan yaşamasının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb
etdiyini bildiriblər.

Görüşün sonunda ölkələrimiz arasında hərbi əməkdaşlığın yeni
perspektivlərindən, təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin
intensivliyinin artırılmasının vacibliyindən danışılıb, həmçinin
qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir
mübadiləsi aparılıb.