
Bakı. Trend:
Almaniyada ötən il vətəndaşlığa qəbul olunanların sayı rekord
həddə çatıb.
Trend xəbər verir ki,
Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə,
ötən il 332 min 500 əcnəbi Almaniya vətəndaşlığı alıb.
Bu göstərici 2024-cü illə müqayisədə 14 faiz və ya 40,5 min
nəfər çoxdur. Almaniyada 2000-ci ildən bu sahədə aparılan
statistikanın tarixində ilk dəfə olaraq bir il ərzində 300 mindən
çox insan Almaniya vətəndaşlığına qəbul olunub.
Almaniya vətəndaşlığını əldə edənlər arasında ən böyük qrupu
suriyalılar təşkil ediblər. 2025-ci ildə 65 min 600 Suriya
vətəndaşı Almaniya vətəndaşlığına qəbul olunub. Bu, əvvəlki illə
müqayisədə 21 faiz azdır. Bununla yanaşı, siyahıda Türkiyə (34,1
min nəfər) və Rusiya vətəndaşları (19,7 min) ilk üçlükdə yer
alıblar. Hər iki qrup üzrə göstərici əvvəlki illə müqayisədə 51
faiz artıb.
Məlumata görə, 2025-ci ildə Almaniya vətəndaşlığının alınması
üçün ümumilikdə 467 min 400 müraciət qeydə alınıb. Həmin il
yekunlaşdırılmış 371 min 100 müraciət üzrə prosedurun 90 faizi və
ya təxminən 332,5 mini müsbət nəticələnib. Müraciətlərin 5 faizi
geri götürülüb, cəmi 3 faizi isə rədd edilib.
Vətəndaşlığa qəbul olunan şəxslərin Almaniyada orta yaşayış
müddəti 12,4 il təşkil edib. Suriyalılar orta hesabla 7,9 il,
Türkiyə vətəndaşları isə 24,1 il ölkədə yaşadıqdan sonra Almaniya
vətəndaşlığı əldə ediblər. Ötən il vətəndaşlığa qəbul edilənlərin
72 faizi Almaniyada azı beş il yaşayan şəxslər olub. Daha 19 faiz
isə həyat yoldaşları və övladları ilə birlikdə sadələşdirilmiş
qaydada vətəndaşlıq alıb.

