Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir

Baş səhifə

Bakı. Trend:

Ukraynada “Patriot” sistemləri üçün nəzərdə tutulan PAC-3
raketlərinin çatışmazlığı davam edir, lakin ABŞ-dan tədarük
dayanmır. Bununla yanaşı, Kiyev yeni həllər üzərində işləyir.

Trend xəbər verir ki,
bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun baş
katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

V.Zelenski qeyd edib ki, Ukraynada PAC-3 raketlərinin
çatışmazlığı bu gün yaranmayıb. Onun sözlərinə görə, əvvəllər
tərəfdaşlar bu raketləri tələb olunan həcmdə verirdilər, lakin
Yaxın Şərqdə münaqişə başlayandan sonra vəziyyət dəyişib.

“Biz tərəfdaşlardan PAC-3 raketlərini lazımi həcmdə alırdıq.
Lakin sonradan ay ərzində verilən raketlərin sayı bir neçə dəfə
azaldıldı. Bu, vəsait çatışmazlığı ilə bağlı deyildi. Buna
baxmayaraq, Yaxın Şərqdə münaqişə başlayandan sonra raketlərin sayı
azaldı”, – deyə Ukrayna lideri qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, tədarükün azalması təkcə PAC-3
raketlərinə deyil, digər silah növlərinə də təsir edib. Tələbatın
bir hissəsini Ukrayna istehsalı hesabına qarşılamaq mümkün olub,
lakin PAC-3 raketlərini əvəz etmək hələ ki mümkün deyil.

“Müxtəlif ölkələrlə dron sazişləri də bağlamışıq ki, tərəfdaşlar
ballistik raketlərin vurulmasına kömək edə biləcək vasitələri
təqdim etsinlər”, – deyə o əlavə edib.

Digər fəaliyyət istiqamətlərindən biri də “Patriot”
sistemlərinin istehsalı üçün lisenziyanın alınması ilə bağlı ABŞ-la
aparılan danışıqlardır.




Onun sözlərinə görə, “Patriot” sistemlərinin Ukraynada və ya
Avropadakı müttəfiqlərlə birlikdə istehsalı dövlətin və bütövlükdə
Avropanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində əlavə
addım olardı.

“Bu, ABŞ Prezidentinin Avropanın öz müdafiəsi üçün lazım olan
imkanları özünün gücü hesabına formalaşdırması ilə bağlı
yanaşmasına uyğundur. Biz bundan sonra da diqqətimizi bu məsələyə
yönəldəcəyik. ABŞ-yə bu mesajın çatdırılmasına kömək edən bütün
tərəfdaşlara minnətdaram. Biz həm Avropaya, həm Amerikaya, həm də
müttəfiqlərə fayda verəcək məhsulları istehsal edə bilərik. Bu, ilk
növbədə “Patriot” sistemlərinə aiddir”, – deyə Ukrayna Prezidenti
yekunlaşdırıb.

M.Rütte öz növbəsində bildirib ki, PAC-2 və PAC-3 raketləri
Ukraynanın Rusiya hava hücumlarından müdafiəsində əsas vasitələrdən
biri olaraq qalır. Onun sözlərinə görə, bu sursatların ABŞ-dən
tədarükü davam edir.

“Yaxşı xəbər ondan ibarətdir ki, bu mühüm raketlərin ABŞ-dən
Ukraynaya göndərilməsi hər gün və hər həftə davam edir”, – deyə o
vurğulayıb.

NATO-nun baş katibi qeyd edib ki, Ukraynanın hava hücumundan
müdafiə sistemi effektiv fəaliyyət göstərsə də, Rusiya qoşunları
hələ də zərbələr endirə bilir. Bununla yanaşı, raketlərin
əhəmiyyətli hissəsi məhz “Patriot” sistemləri sayəsində məhv
edilir.

Müttəfiqlər həmçinin Ukraynaya raket tədarükünü təmin edən PURL
proqramının maliyyələşdirilməsini davam etdirməyə hazır olduqlarını
təsdiqləyiblər.

“Lakin hər zaman intensiv hərbi əməliyyatların mövcud
ehtiyatlara təsir göstərməsi riski var. Bununla belə, bu, PURL
proqramına təsir etmir. İstehsal artırılacaq ki, anbarlarımızda
olan vasitələri tədarük edə bilək”, – deyə M.Rütte əlavə edib.