
Bakı. Trend:
Ukrayna müharibənin diplomatik yolla başa çatdırılması üçün
istənilən formata, o cümlədən Rusiya Prezidenti Vladimir Putin ilə
birbaşa danışıqlara hazırdır.
Trend xəbər verir ki,
bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun baş
katibi Mark Rütte ilə keçirdiyi birgə mətbuat konfransında
bildirib.
Prezidentin sözlərinə görə, Kiyev danışıqlar aparacaq
nümayəndələrin cəlb edilməsi ilə bağlı ABŞ tərəfi ilə daim əlaqə
saxlayır. Lakin bu proses xeyli uzanır.
“Biz danışıqlar qrupunun gəlişini gözləyirik. Ancaq bu gün
ABŞ-nin diqqət mərkəzində biz deyilik. ABŞ üçün bir nömrəli məsələ
İrandır, Ukrayna isə ondan sonra gəlir. Təəssüflər olsun, belə
çıxır ki, biz bu müharibələr sırasında növbə gözləyirik”, – deyə o
qeyd edib.
Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Rusiyanı
müharibəni dayandırmağa məcbur edə biləcək ən böyük təsir
rıçaqlarına məhz ABŞ malikdir.
Ukrayna üçün ən uyğun variant sülh prosesinə həm Vaşinqtonun,
həm də Avropanın cəlb olunmasıdır. Çünki danışıqlar masası
arxasında Avropa təmsil olunmasa, Avropa İttifaqının maraqları
eşidilməyə bilər.
V.Zelenski bildirib ki, Ukrayna üçün əsas prioritet döyüş
əməliyyatlarının mümkün qədər tez dayandırılmasıdır. Buna görə də
ölkə sülhə yaxınlaşdıracaq istənilən formatı dəstəkləməyə
hazırdır.
“Mən bu müharibəni başa çatdırmaq üçün Putinlə birbaşa
danışıqlara hazıram. Dünyadakı bütün münaqişələrin bitməsini və
yalnız bundan sonra növbənin bizə çatmasını gözləməkdənsə, buna
üstünlük verirəm”, – deyə o vurğulayıb.
Prezident əlavə edib ki, cəbhədəki mövcud vəziyyət, eləcə də
Ukraynanın Rusiya Federasiyasının dərinliklərində həyata keçirdiyi
uğurlu zərbələr diplomatiya üçün möhkəm zəmin yaradır. Bu isə
Ukraynaya bu gün “istənilən formatda ruslarla bərabərhüquqlu
şəkildə danışmağa və bu müharibəni başa çatdırmağa” imkan
verir.

