
Bakı. Trend:
ABŞ-nin avtomobil istehsalçısı “Ford Motor” təhlükəsizlik
kəmərlərində aşkar edilən nasazlıq səbəbindən ölkədə təxminən 420
min avtomobili geri çağırır.
Trend xəbər verir ki,
bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası
(NHTSA) məlumat yayıb.
Qeyd olunur ki, geri çağırma 2018–2022-ci il istehsalı olan
“Ford Expedition” və “Lincoln Navigator” modellərinə aiddir.
Məlumata əsasən, bu avtomobillərdə sürücü və ya ön sərnişin
oturacağındakı təhlükəsizlik kəmərinin dartıcı mexanizmi kəmərin
hərəkətini bloklaya bilər ki, bu da onun düzgün uzanması və ya
yığılmasında problemlərə səbəb olur. Nəticədə qəza zamanı xəsarət
alma riski artır. Diler mərkəzləri avtomobilləri yoxlayacaq və
nasaz hissələri yeniləri ilə əvəz edəcəklər.

