Honkonq beynəlxalq hava limanı tayfun səbəbindən 100-dən çox reysi ləğv edib

Baş səhifə
Honkonq beynəlxalq hava limanı tayfun səbəbindən 100-dən çox reysi ləğv edib

Honkonq beynəlxalq hava limanı “Matmo” tayfunu səbəbindən 100-dən çox reysi ləğv edib və ya təxirə salıb.

“Report” xəbər verir ki, hava limanı rəhbərliyi 27 reysin ləğv ediləcəyini, 81 reysin isə gecikəcəyini bildirib.

Hava limanı sərnişinlərə uçuşlar barədə son məlumatı aviaşirkətlərdən öyrənməyi və təyyarə uçuşu təsdiqləndikdən sonra hava limanına çatmaq üçün kifayət qədər vaxt ayırmağı tövsiyə edib. Proqnozlara görə, hava şəraiti oktyabrın 6-da yaxşılaşacaq.

“Matmo” bu il Honkonqda təhlükə siqnalı elan edilməsinə səbəb olan 12-ci siklon olub – bu, 1946-cı ildən bəri rekord göstəricidir.

Tayfun Çinin Quandonq vilayətindəki Çançzyan şəhərinə çatanda küləyin sürəti saniyədə 42 metrə qədər yüksəlib. Çin Mərkəzi Televiziyasının məlumatına əsasən, tayfunun sahilə çıxması zamanı bölgədə güclü yağış və külək müşahidə olunub.

Təbii fəlakətin yaxınlaşması ilə əlaqədar Hainan və Quandonq vilayətlərində təxminən 300 min sakin təhlükəsiz ərazilərə köçürülüb.