“Bakı Payızı”nın rejissoru: “Məqsədimiz istedadlı gənclərə şans vermək və onlar üçün yol açmaqdır” – FOTO

Mədəniyyət


“Məqsədimiz istedadlı gənclərə şans vermək və onlar üçün yol açmaqdır”.

Bunu “resmixeber.az”a açıqlamasında “Bakı Payızı” istedadlar müsabiqəsinin rejissoru Sevinc Kərimova deyib.

Onun sözlərinə görə, müsabiqənin 45 vokalçı iştirakçısı altı aylıq məşqlərdən sonra bu gün səhnəyə çıxacaq:

“Onlar səhnədə Azərbaycan bəstəkarlarının mahnılarını və milli musiqiləri ifa edəcəklər. Hər şey qismətdir, lakin bizim məqsədimiz istedadlı gənclərə şans vermək və onlar üçün yol açmaqdır. İnanıram ki, bu yarışdan sonra “partlayış” olacaq. Çünki həddindən çox istedadlı gənclərimiz var. Düzü, heç bilmirəm, münsiflər heyəti qalibləri seçməyi necə bacaracaq”, – S.Kərimova vurğulayıb.

Musiqi supervayzeri Mikayıl Vəkilov bildirib ki, Azərbaycanın əksər xalq artistləri, əməkdar artistləri 1988-ci ildə keçirilən “Bakı Payızı” istedadlar müsabiqəsindən çıxıblar:

“Düşünürəm ki, 35 ildən sonra “Bakı Payızı” səhnəmizə yeni xalq və əməkdar artistləri bəxş edəcək. Əminəm ki, bu müsabiqə estradamızın inkişafına böyük töhfə verəcək”.

Qeyd edək ki, iyunun 28-də Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Bakı Payızı” istedadlar müsabiqəsinin ilk turu keçirilib. Bu turda 13 musiqi qrupu milli mahnılardan ibarət kompozisiyalarla yarışıb. İstedadlı vokal ifaçıları öz istedadlarını göstərmək üçün rəngarəng musiqi nömrələri ilə münsiflər qarşısında əllərindən gələni edib, müsabiqəyə böyük maraq və həvəs nümayiş etdiriblər. Musiqi qrupları ilk turda Azərbaycan dilində, ikinci turda isə xarici dildə musiqilərlə çıxış edəcəklər. Bu turlardan sonra yay ayları ərzində qaliblər müəyyənləşdiriləcək və onların adları oktyabrın 2-də keçiriləcək “Bakı Payızı” adlı konsertdə elan olunacaq.

Musiqi və bədii təəssüratın yaradılması, bu əsasda musiqi mədəniyyətinin, üslub, ritm və ansambl hisslərinin inkişafı builki payızın əsas tədbirinə – “Bakı Payızı 2023 – 35 il sonra” istedadlar müsabiqəsinə peşəkar hazırlığın mühüm tərkib hissəsi olacaq.

Tədbir iyulun 1-dək davam edəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir