Azərbaycan muğamı intibah dövrünü yaşayır

Baş səhifə

Azərbaycan muğamı intibah dövrünü yaşayır

Azərbaycan muğamı intibah dövrünü yaşayır

Bəyimxanım CAVANŞİROVA-VERDİYEVA
Xan Şuşinski Fondunun rəhbəri

Dünən Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin və Milli Konservatoriyanın dəstəyi ilə VI Beynəlxalq Musiqi Festivalının yekun konserti və mükafatlandırma mərasimi keçirildi.

Tədbirdə Xalq artistləri – Milli Konservatoriyanın rektoru, Professor Siyavuş Kərimi, mədəniyyət nazirinin müavini, Professor Murad Hüseynov çıxış etdilər. Möhtəşəm konsert proqramı tamaşaçıların davamlı alqışları ilə davam etdi.

Dahi muğam ustadının övladı0onun adını  daşıyan fondun rəhbəri, böyük ustad sənətkarın həyat yoldaşı və ümumiyyətlə dahi sənətkarların sənət camiyəsində yetişmiş bir xanım olaraq milli-mənəvi dəyərlərimizi, o cümlədən muğamlarımızı yaşadan Dövlətimizə, Dövlət başçımıza, Azərbaycanın Birinci Vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Mədəniyyət Nazirliyimizə, Elm və Təhsil Nazirliyimizə, Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə və bu vacib, eyni zamanda  mükəmməl tədbirin keçirilməsində zəhməti olan hər kəsə təşəkkür edirəm.

Biz xoşbəxt xalqıq ki, bizim milli-mənəvi dəyərimiz olan muğamımız var və bu musiqimiz toxumulmazdır. Yəni, mən muğamı əzəmətli toxunulmaz qalaya bənzədirəm ki, o qalanı müxtəlif yad nəfəslərdən qorumaq  borcumuzdur. Çünki bizim əcdadlarımız, ustad sənətkarlarımız uzun illər, əsrlər boyu muğamımızı olduğu kimi yaşadaraq bu günlərə gətirib çatdırıblar. Elə ona görə də muğamlarımız yaşayır. Atam dahi muğam ustadı Xan Şuşinski deyirdi: “Muğam bir dəryadır ki, mən ondan bir cam götürmüşəm” (Bu sözləri 77 yaşında bir ustad deyirdi. Yəni muğam bir fəlsəfi sənətdir. Öyrəndikcə, onun dərinliyinə vardıqca, onun sehirli dünyasını dərk etdikcə muğamın fəlsəfəsini duyursan).

Muğam musiqinin əlifbasıdır. O əlifbanı yaradan dühalar olub onlar bu əlifbaya məcazi mənada artıq hərif əlavə etməyi məsləhət bilməyiblər. Dahi Üzeyir bəy, Cabbar Qaryağdıoğlu, böyük ustad və pedoqoq Seyid Şuşinski, dahi Xan Şuşinski muğamı olduğu kimi tədris edərək zamanının istedadlı gənc nəsillərinə ərməğan etmişlər.

Muğamımız müqəddəsdir və ona müdaxilə etmək lüzumsuzdur. Bu gün muğamımızı yaşadan ustadlarımız var olsun. Atam 1971-ci ildə böyük ustad Qurban Pirimovun dili ilə desək “Xan Sənətdə Fərhad kimi külüng çaldığı” Müslüm  Maqomayev adına Filarmoniyada özünün 70 illik yubiley tədbirinin sonunda üzünü tamaşaçılara tutaraq dedi: “Əzizlərim, mən Azərbaycan xalqının milli-mənəvi sərvəti olan muğamlarımızı uzun illər zamanın süzgəcindən keçirərək yad əllərdən, yad nəfəslərdən qorumağa çalışmışam. İndi də estafeti gənclərə verirəm. Sizdən bir təvəqqem var: Qoruyun muğamatı!”.

Ruhun şad olsun, ata! Mən bu gün çox böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan muğamının təəssübkeşi, ölkəmizin Birinci Xanımı Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan muğamı dünyanın möhtəşəm konsert salonlarında böyük maraqla qarşılanaraq tanınır, təbliğ edilir və özünün intibah dövrünü yaşayır.

Hər xalq özünün zəngin milli-mənəvi dəyərləri və qədim tarixi ilə tanınır. Düşünürəm ki, 44 günlük Vətən Müharibəsi dövründə gənclərimizin bir nəfər kimi silaha sarılaraq vətəni müdafiəyə qalxmaları yetişdikləri ailə ilə paralel olaraq uzun illər dövlətimizin gənc nəsillərə vətənpərvərlik hissini, o cümlədən milli-mənəvi dəyərlərimizi muğamımızı aşılamaqdan irəli gəlir.

Qalibiyyətimizdə Dövlətimizin, şəxsən Mehriban xanım Əliyevanın apardığı bu təbliğatın da müstəsna rolu olmuşdur. Çox xoşbəxtəm ki, bu gün 30 illik həsrətdən sonra muğamımızın sədası bir zamanlar “Şərqin Konservatoriyası”, “kiçik Paris” adlanan Qarabağımızın zümrüd tacı Şuşamızdan, doğma məmləkətimiz Qarabağımızdan gəlir. Buna görə başda  Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz olmaqla igid, qəhrəman oğularımıza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Onları yetişdirən valideynlərinin qarşısında baş əyir, qazilərimizə can sağlığı arzu edirəm. Xalqımla fəxr edirəm!

44 günlük Vətən Savaşında hər birimiz cənab Prezidentimizin ətrafında bir yumruq kimi birləşərək qalibiyyətə nail olduq. Bu savaşda igidlərimiz  ön cəbhədə qəhrəmancasına vuruşaraq həm də yeri gələndə səngərdə muğamlarımızı xalqımızın zəfər marşı olan “Heyratı”mızı, Qarabağ şikəstəmizi ifa edərək    sanki gözü həsrətdə qalmış vətən torpaqlarımızın harayına səs verirdilər.

Biz qədim kökə, tarixə, zəngin irsə malik mərd oğullar, dahilər yetiştirən xalqıq. Yaşasın bu  milli-mənəvi dəyərləri, bu irsi qoruyaraq təşviq  edərək yaşadan dövlətimiz və xalqımız!

Var olsun müqəddəs muğamımız!

Bu gün isə Silahlı Qüvvələr Günüdür. Bu münasibətlə Silahlı Qüvvələrimizin bütün heyətini, dövlətimizi, xalqımızı ürəkdən təbrik edərək daha böyük uğurlar, qələbələr arzu edirəm. Hər zaman qalibiyyət bizim olsun!

 

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir