“Qarabağdakı tarixi qələbəmiz, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı haqqında çəkiləcək film üçün yaxşı hazırlaşmaq lazımdır”.
Bu sözləri resmixeber.az-a açıqlamasında rejissor Rövşən İsax Azərbaycan Ordusunun nailiyyətləri və Vətən müharibəsindəki uğurlarının film sahəsində nümayişi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, təkcə rejissor kimi yox, həm də bir azərbaycanlı kimi Ordumuzun Qarabağdakı tarixi qələbəsinin kinoya gətirilməsi ən böyük arzularından biridir:
“Azərbaycanlı kimi tarixi qələbəmizin kinoya gətirilməsi ən böyük arzumdur. Etiraf etmək lazımdır ki, müharibə yaxın keçmişdə bitib deyə yaralarımız hələ qaysaq bağlayır, belə bir dövrdə bu, olduqca məsuliyyətli işdir. Qarabağdakı tarixi qələbəmiz, şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı haqqında çəkiləcək film üçün yaxşı hazırlaşmaq lazımdır. Bu cür genişmiqyaslı film üçün dövlətin dəstəyi mütləq şəkildə vacibdir”.
Rejissor qeyd edib ki, Azərbaycan əsgərinin qələbəsini kinoya yerli rejissor gətirməlidir:
“Xüsusilə qeyd etməliyəm ki, Azərbaycan əsgərinin qələbəsini, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi dövründə göstərdiyi möhtəşəm həmrəyliyi kinoya məhz azərbaycanlı rejissor gətirməlidir.
Xaricdən dəvət olunan heç bir rejissor əsgərimizin döyüşdəki əzmini, analarımızın keçirdikləri hiss-həyəcanı heç vaxt azərbaycanlı rejissor qədər dərindən duya, hiss edə və ekrana köçürə bilməz! Bunu təkcə mən demirəm. Bu, bütün dünyada peşəkarların qəbul etdiyi yazılmamış qanundur”.
R.İsax əlavə edib ki, yaradıcılıq dünyəvi olsa da, müharibə filmləri istisna təşkil edir:
“Ona görə mən də yaradıcı şəxs olaraq istəyirəm ki, xalqımın qələbəsini kinoda əks etdirmək yalnız yerli peşəkar rejissora həvalə olunsun. Çünki müharibə filmləri təkcə döyüşləri göstərmək üçün çəkilmir.
26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə müzəffər Ordumuzu təbrik edir, əsgər və zabitlərimizə ancaq qələbə arzulayıram”.
Nəzrin Vahid
www.102info.az