Dolunun şimal-qərb bölgəsində yaratdığı fəsadlar: “Meyvə bağlarının bəlasına keçmişik” – FOTO

Cəmiyyət


Şəkinin Daşüz kəndində dolu ciddi fəsadlar yaradıb. Belə ki, kənddəki 320 təsərrüfatdan ən azı 210-nun dam örtüyü yararsız vəziyyətə düşüb.

Bizim.Media xəbər verir ki, təbii fəlakət nəticəsində eləcə də tövlələrə, alaçıqlara, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Axşama doğru başlayan yağış qısa müddətdən sonra dolu ilə əvəzlənib. Sakinlərin sözlərinə görə, son 60-70 ildə belə bir təbii fəlakətlə qarşılaşmayıblar.

Kənd sakin Sevda Hüseynovanın sözlərinə görə, dolu nəticəsində evinin damı tamamilə yararsız vəziyyətə düşüb.

Sakinlər bütün gecəni dolunun fəsadlarını aradan qaldırmaqla keçirdiklərini bildirirlər. Onların sözlərinə görə, yaxınlıqdakı meyvə bağlarını qorumaq üçün toplardan istifadə olunur ki, bu da dolunun miqyasının böyüməsinə və ciddi fəsadlara yol açır.

Kənd sakini Sevil Abdurahmanova qeyd edib ki, Daşüz camışçılıq sovxozu pis vəziyyətdə qalıb:

“Meyvə bağlarının bəlasına keçmişik. Dünən 10 dəqiqəlik dolu düşdü, o da meyvə bağlarına görə. Atdılar, bomba atdılar, nə atdılar – bilmirəm. Yumurtadan yekə dolu düşdü. Bütün kəndin evləri bərbad haldadır”.

Onun sözlərinə görə, təcili tədbir görülməsə, evlər tamamilə yararsız vəziyyətə düşəcək.

Kənd ağsaqqalı, birinci qrup əlil Cəmaləddin Qədirov bildirir ki, əgər gün ərzində onlara çadır verilməsə, ya digər hər hansı yardım göstərilməsə, yağış evlərə daha çox ziyan vuracaq və qalan yerlər də bərbad vəziyyətə düşəcək: 

“İnanın, indiyə kimi belə faciə görməmişəm. Dəhşət idi. Camaatın hamısına bu zərbə dəyib. O adam yoxdur ki, evi dağılmasın. Dəmiri belə deşib o dolu, o qədər iri idi ki… Bizim dam şiferdir, elə bil, gülləbaran olunub. Bu gün axşam yağası olsa, deməli, bizim kəndimizdəki bütün evlər batdı”.

Cəmaləddin kişi müvafiq təşkilatların məsələyə dərhal müdaxilə etməsini xahiş edir. Təbii fəlakətdən sonra kənd icra nümayəndəliyi hadisə barədə rayon icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarını məlumatlandırıb.

Daşüz bələdiyyə sədri İlham Qədirovun sözlərinə görə, indiyə kimi sakinlərdən 206 nəfər təbii fəlakətdən zərər gördüyünə görə qeydiyyatdan keçib.

Kənd bələdiyyəsindən bildirilib ki, fəsadlı evlərin sayı 210-u keçib. Hadisə yerinə rayon icra hakimiyyəti nəzdində Fövqəladə Hallar Komissiyasının nümayəndələri gələrək baxış keçiriblər. Təbii fəlakətin miqyası nəzərə alınaraq, qarşıdakı günlərdə müvafiq orqanlara müraciət olunması nəzərdə tutulur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir