Taleyimizdə dönüş yaradan gün – FOTO

Siyasət


“Mən həyatımın mənasını xalqıma xidmətdə görürəm. Azərbaycan mənim həyatımın mənasıdır”, – söyləyən Ümummilli Lider Heydər Əliyev həyat və fəaliyyəti ilə Azərbaycan xalqının taleyində mühüm rol oynayıb, dünyaşöhrətli siyasətçi, böyük şəxsiyyət kimi adını tarixə yazdıra bilib. “Mənim ən böyük qüvvəm, gücüm, ən böyük silahım xalqın mənə göstərdiyi etimaddır, etibardır və xalqın dayağıdır”, – deyən Ulu Öndər Heydər Əliyev bu etimadı və etibarı doğrultmaq üçün bütün gücünü səfərbər edib. Hətta öz həyatını, gələcəyini dəfələrlə təhlükə altına ataraq xalqının və dövlətinin mənafeyini qoruyub, əsl lider kimi xilaskarlıq missiyasını yerinə yetirib.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Heydər Əliyev rəhbər vəzifədə təmsil olunduğu 1969-82-ci illərdə iqtisadi göstəricilərinə görə ittifaq ölkələrindən geri qalan sovet Azərbaycanının dirçəlişinə nail olub. Doğma xalqının potensialına yaxşı bələd olan Ulu Öndərin qəbul etdiyi qərarlar sayəsində kənd təsərrüfatının müxtəlif sahələrində ciddi uğurlara imza atılıb, yeni istehsal müəssisələri, zavod və fabriklər yaradılıb, ümumən iqtisadi intibah yaşanıb. Ümummilli Lider 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. Ulu Öndərin təsir imkanlarının məhdudlaşdırılmasından istifadə edən ermənilərin bu andan etibarən Azərbaycana qarşı əsassız ərazi iddiaları baş qaldırıb, Qarabağda separatizm körüklənib, 1988-ci ildə Qərbi Azərbaycandan yüzminlərlə soydaşımız öz dədə-baba yurdlarından deportasiya olunub. Sovet hakimiyyətinin ikiüzlü siyasətinə etiraz edən Azərbaycan xalqının üzərinə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tanklar yeridilib. O vaxt səhhətindəki nasazlığa, özünün və ailəsinin həyatına qarşı baş verə biləcək təhlükəyə əhəmiyyət verməyən Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.

Ulu Öndər Heydər Əliyevin sonrakı taleyi Naxçıvanla bağlı olub. Burada o, 1993-cü ilə kimi çalışıb. Bu illər Azərbaycanın müstəqilliyinin ilk dövrlərinə təsadüf edib. Həmin vaxt ölkənin ali siyasi rəhbərliyinin qeyri-peşəkar idarəetməsi səbəbindən Azərbaycan yeni fəlakətlərə sürüklənmişdi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Məhz belə bir vaxtda Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb. Xalqın təkidli tələbi qarşısında ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur olub. 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Bakıya qayıdan, iyunun 15-də Ali Sovetin sədri seçilən, iyunun 24-dən Prezident səlahiyyətlərini həyata keçirməyə başlayan Ümummilli Lider ölkəmizi bəlalardan, müsibətlərdən xilas edib. Bu tarix sözün əsl mənasında ölkəmizin taleyində dönüş anı olub. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən proseslərin qarşısı alınıb və əsas diqqət dövlət quruculuğu məsələlərinə yönəldilib. 

“Mən inanıram, əminəm ki, biz müstəqilliyin geniş yoluna çıxacağıq və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaq və bizim müstəqilliyimizi, milli azadlığımızı heç kəs heç bir yolla sarsıda bilməyəcəkdir”, – söyləyən, azərbaycanlı olmağı ilə hər zaman fəxr edən Ümummilli Lider 1995-ci ildən başlayaraq cəmiyyət həyatının bütün sahələrində köklü islahatların həyata keçirilməsinə başlayıb. Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması, çoxpartiyalı siyasi sistemin formalaşdırılması, siyasi plüralizmin cəmiyyətin normasına çevrilməsi, söz və mətbuat azadlığının təmin edilməsi bilavasitə onun adı ilə bağlıdır.

“Vətənə, millətimə, xalqıma məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur”, – deyən Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə bazar iqtisadiyyatı quruculuğu məqsədilə də mühüm addımlar atıb, dünyanın aparıcı şirkətlərini Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının istismarına cəlb edə bilib, neftin dünya bazarlarına çıxarılması üçün marşrutlar müəyyənləşdirilib və qısa müddətdə Azərbaycanın inkişafını təmin edəcək resurslar əldə olunub. Bütün bunlara görə də indiki müasir və müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəri sayılır. Onun ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də bildirib ki, Ulu Öndər 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdandan sonra ölkədə baş verən proseslərin və həyata keçirilən islahatların bütün istiqamətlərinin əsas təşkilatçısı olub. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatını bazar münasibətləri şərtləri əsasında formalaşdıran Ümummilli Lider özəl biznesə, azad sahibkarlıq fəaliyyətinə, özəlləşdirilmə prosesinə xüsusi diqqət ayırıb: “Ulu Öndərin məqsədi ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək idi. Onun hakimiyyəti dövründə əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların nəticəsində mümkün oldu. Ümummilli Liderin hazırladığı neft strategiyası hesabına maliyyə imkanlarımız artdı, əhalinin həyat tərzi yüksəldi. “Əsrin müqaviləsi” Ulu Öndərin neft sənayesi strategiyasında qazandığı uğurların başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların qazanılmasında müstəsna rol oynayıb”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir