Arada gizlənpaç oynayıb yox olur pullar – FOTO

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

İldə bir dəfə böyük əmilər-xalalar, qeyri-hökumət təşkilatları (QHT), dövlət qurumları bu barədə danışmağa başlayırlar. Hay-küy, alqış, əlvan şarlar, iki hörüklü balaca qız da şeir deyir, bununla da tədbir bitir. Dövlət qurumları və QHT-lər foto-video çəkdirib hesabat verirlər, vəssalam.

Qısa məlumat, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (ing. International Children’s Day) qeyd olunması qərara alınıb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir, amma yuxarıda qeyd etdiyim kimi. 

Dövlət büdcəsindən uşaqlar üçün kifayət qədər maliyyə ayrılmasına baxmayaraq bu vəsait onlara gedib çatmır. Arada gizlənpaç oynayıb yox olur pullar.

Azərbaycandakı uşaqları iki qütbə bölmək olar. Birincisi çox inkişaf etmiş, gözəl təhsil alan (vacib qeyd, ata-ananın hesabına əlavə müəllim və kursları sayəsində), xarici dilləri öyrənən, idman və digər maraqlı məşğuliyyətləri olan, inkişaf edən, ikincisi isə məktəbə belə getməyə imkanı olmayan uşaqlar. 

Adam var ki, imkanı olmadığı üçün övladını məktəbə göndərə bilmir, adam da var ki, heç övladını göndərməyə məktəb belə yoxdur. Elm və Təhsil Nazirliyinə də müraciət edəndə, ya susurlar, ya da deyirlər ki, növbəti tədris ilində məsələyə baxılacaq. Həmkarım Coşqun Eldaroğlu xeyli müddətdir özünün və dostlarının maddi dəstəyi nəticəsində Şabranın Qazbaba kəndində dərs deməyə gedir.
Özü ilə kitab-dəftər alıb aparır. Kənd uşaqlarını yığır və bildiyi fənləri tədris edir (riyaziyyat, ingilis dili və s.). Coşqun deyir ki, bu kənddə işıqlı, bacarıqlı uşaqlar çoxdur. Heyif ki, bu uşaqlar təhsildən uzaq düşüblər.

Qazbabalı kəndində cəmi 4 illik modul tipli məktəb var. 4 ildən sonra kim oxumaq istəyirsə gedir qonşu kənddə yerləşən məktəbə. Oranın da yolu meşə tərəfdən keçir. Həm uzaqdır, həm də qorxulu. Valideynlər uşaqlarını risk edib qonşu məktəbə buraxmırlar. Elm və Təhsil Nazirliyi yenə də bu məsələni işıqlandıran kütləvi informasiya vasitələrinə rəsmi cavab verməyib. Dərsini bilməyən uşaqlar kimi susub. Şabran İcra Hakimiyyəti də deyib ki, problemin həllinə söz verib, gələn il uşaqların məktəbə aparılması üçün nəqliyyatla təmin olunması məsələsi öz həllini tapacaq.

Lap “Bəxtiyar” filmində olduğu kimi, “gələcəklər Ağabala, vallah gələcəklər, söz veriblər”… 

Qayıdaq Şabrandakı uşaqlara. Coşqun müəllim yazır ki, dərs keçdiyi uşaqlar illərdir təhsilsiz qalıblar:

“Mənim dərs keçdiyim uşaqlardan Fatimə, Nərgiz, Zəhra, Məryəm illərdir təhsilsiz qalıblar. Sürəyya, ümumiyyətlə, məktəbə getməyib. Nuray və Fidan yaxın günlərdə ibtidai təhsillə vidalaşıb evə qapanacaqlar. Hüsey və Məkanın valideynləri uşaqlarının beşinci sinfi harada oxuyacağı barədə baş sındırırlar. Şəbnəm, Əsnəm, Şərif, Nəzrin təhsil üçün kəndi tərk eləməli olublar. Aran kəndlərindən birində qohumunun evinə sığınan Nəzrini iki həftədən bir valideynləri ilə mən görüşdürürəm. Bu, hələ mənim dərs keçdiyim uşaqlardır. Təkcə Şabranın Qazbabalı kəndində tanımadığım onlarla təhsilsiz uşaq var. Qız uşaqlarına görə ciyərim yanır. Erkən nikahdan başqa tale gözləmir onları. Bu haqda necə sakit, kədərsiz danışmaq olar ki…” 

Nazir də deyib ki, təhsildən kənarda qalan cəmi bir neçə uşaqdır… Yəni ki, dramatikləşdirməyin. 

Hələ Coşqunun o uşaqlara təmənnasız dərs keçməsi üçün maneələr də törədirlər ki, uşaqlar o dərslərə getməsin. Çox maraqlıdır ki, bizim dövlət qurumlarının əksəriyyəti problemi həll etmək üçün vətəndaşların dəstəyindən istifadə etməkdənsə, gəlin əl-ələ verib nələrisə düzəltməkdənsə, vəziyyəti daha da qəlizləşdirir. Olmazdı ki, müvafiq qurumlar Coşqun müəllimin bu gözəl, nəcib təşəbbüsünə dəstək verərək bir neçə könüllü göndərsin? Coşqun müəllim bir qrupa dərs keçəndə, digərləri də başqa qrupla işləsinlər. Və uşaqların hamısı təhsilə cəlb olunsunlar. Sonra da yavaş-yavaş məktəblər, təhsil mərkəzləri də tikilsin. XXI əsrdə bunu etmək çətin deyil axı!

Kəndin ağsaqqalları da görsünlər ki, bu uşaqlar bizə lazımdır, onlar oxumalı, mütləq təhsil almalıdırlar, 13-14 yaşında ərə verilib evin qulu-köləsi olmalı deyillər. 

Hər dəfə 13-14 yaşlı qızların erkən nikaha məcbur edilməsini yazanda, deyəndə bunu da qeyd edirik ki, bu uşaqların birinci problemi təhsildən yayınmalarıdır. Təhsil keyfiyyətli və dayanıqlı olmalıdır. Bu gün təhsil alan hər bir kəs sabah onu istifadə etməlidir. Sadəcə “karton parçası”ndan ibarət olmalı deyil təhsil. 

Sonda Allahdan Coşqun və onun kimi insanlara Allahdan güc, səbir, müvafiq qurumlara isə vicdan diləyirəm. Axı bu uşaqlar hamımızındır. Bu uşaqlar sabah bizim dövlətimizi, müstəqilliyimi, dövlətçiliyimiz qoruyacaqlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir