İnsanlar xəbər yalan olsa belə onu paylaşmaqdan əl çəkmirlər…

Cəmiyyət


Qan Turalı yazır…

İşıq qalmadı.

Nitsşenin dəlilik sayıqlamalarından.

Bu günlərdə görkəmli türk yazıçısı Ahmet Hamdi Tanpınarın gündəliklərini oxuyuram. Elə kitabın əvvəlində rast gəldiyim bir cümlə mənə çox təsir etdi. O cümləni bura yazıram: “Oxumayan, oxuduğunu başa düşməyən oxucuların və düşüncənin qabağından da keçməmiş tənqidçilərin ölkəsində insan nə məqsədlə şeir yazar, nə məqsədlə ədəbiyyatla məşğul olar?!”

Bu sözləri Tanpınar 60-cı illərin əvvəllərində yazırdı. Aradan ötüb-keçən 60 ildən çox bir zamanda dünya çox da dəyişməyib. Ancaq ondan əvvəlki əsrlərdə də sənətkarlar daim zəmanədən şikayət edirdilər. Tanpınarın haqqında məqalə yazdığı Füzuli də eynən Tanpınar kimi “bir dövrdəyəm ki, nəzm olub xar” demirdimi?

Tanpınarın dövründə, 1970-ci illərdə Türkiyə qadınlarının ancaq 20 faizi yazıb-oxumaq bilirdi. İndi bu rəqəm 97,4 faizdir. Ancaq Tanpınarın bu cümləsini indi də yazmaq mümkün deyilmi? İndi də bu cümlə aktual deyilmi?! 

Söhbət təkcə Türkiyə, yaxud Azərbaycanla bağlı deyil, qlobal bir tendensiyadan bəhs edirik. Sosial media insanları getdikcə özündən daha asılı bir vəziyyətə salır. Və elə həmin bu sosial mediada yalan xəbərlər ildırım sürəti ilə yayılır. İnsanlar bu xəbərləri araşdırmaq belə istəmirlər. Ən pisi isə odur ki, insanlar bu xəbərlərin yalan olub-olmadığı ilə belə maraqlanmırlar. Onun düşüncəsinə uyğun gələn xəbər yalan olsa belə onu paylaşmaqdan əl çəkmirlər. “Yalanla bəsləyirlər sizi, halbuki acsınız” deyən Nazim Hikmət kimi… 

Bütün bu tendensiyaların məntiqi nəticəsi olaraq dünyada radikalizm sürətlə artır. Hər cür etnik, dini təəssübkeşlik dayanmadan yüksəlir. Avstriyada, Avropanın ən azad ölkələrinin birində qatarın səs sistemində Hitlerin nitqi asanlıqla yayıla bilir. Sərnişinlər buna qulaq asaraq təəccüblərini, heyrətlərini gizlədə bilmirlər. Doğrudan da nə baş verirdi? Sanki 1938-ci ildir, anşluss-Avstriyanın könüllü şəkildə nasist Almaniyaya birləşmək siyasəti sanki yenidən baş verir. 

ABŞ-də son seçkini Çin Kommunist Partiyasının təşkil etdiyinə inanan minlərlə, bəlkə də milyonlarla insan var. 2021-ci ilin əvvəlində minlərlə amerikalı konqres binasını işğal etmədimi? Bu dəhşətli hadisənin isə  bir əsas səbəbi vardı. Nümayişçilər ifrat sağ mətbu orqanların saxta xəbərlərinin təsiri altında idilər. 

Sosial mediada radikallar alqoritmlər sayəsində ancaq və ancaq öz ideyalarına uyğun xəbərlər, şərhlər görməyə başlayırlar. Əks-fikrə rast gəlmək mümkün deyil. Səbəbi də aydındır, insanların bir çoxu əks fikirləri eşitməyi xoşlamır. Onlar üçün önəmli olan öz fikrinin təsdiq edilməsidir. Əks fikir gördükdə isə uzaqlaşırlar, ancaq sosial media şirkətləri bizi daha çox öz platformalarında saxlamaq istəyir. Çünki bizim orada çox qalmağımız daha çox reklam deməkdir. Bizi isə orada öz fikrimizə, düşüncəmizə uyğun fikirlər göstərməklə saxlaya bilir. 

Nəticədə isə radikalizm artır, loyallıq azalır, insanların qarşılıqlı dialoq imkanları məhdudlaşır, qarşı tərəfin fikirləri eşidilmir, insanlar öz kiçik dünyalarında öz yırtıcı fikirləri ilə təkbətək qalırlar. Halbuki bizə danışılan nağıl belə deyildi. Sosial media nəticəsində hökumətlərin tətbiq  etdiyi informasiya blokadası başa çatacaqdı. İdeyalar, fikirlər dünyanı azad şəkildə dövr edəcəkdi. Dünya daha gözəl bir yer olacaqdı. 

Bəli, maarifçi filosofların, yazıçıların da ümdə arzusu bu idi, zəkanın, biliyin səltənətində insanlar daha azad, daha firavan yaşayacaqdı. İndi isə qarşımızda Əhməd bəyin bu sualı bütün əzəməti ilə dayanır: “Oxumayan, oxuduğunu anlamayan oxucuların və düşüncənin qabağından da keçməmiş tənqidçilərin məmləkətində insan nə məqsədlə şeir yazar, nə məqsədlə ədəbiyyatla məşğul olar?!”

Nitsşe necə deyirdi? “Səhra böyüyür…” 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir