Tələbə Gənclər ulu öndər Heydər Əliyevi 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlərlə yad etdilər – FOTO

Cəmiyyət


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 5-10 may tarixlərində ümummilli lider Heydər Əliyevin 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən ayrı-ayrı TGT-lərin təşkilatçılığı ilə silsilə tədbirlər həyata keçirilib. Belə ki, Bakı Dövlət Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Sumqayıt Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər Universiteti, 1 nömrəli Bakı baza Tibb Kolleci və 2 nömrəli Bakı baza Tibb Kolleci kimi təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları tərəfindən “Şərəfli Ömrün 100-cü ili” konfransı, “Tarix Yaradan İnsan”, “Əbədiyaşar Lider – 100 il” fləşmobu, “Əfsanəvi lider” teatrı, “Ulu öndərin izi ilə” dəyirmi masası, “Tarixi lider”, “Ulu Öndərin 100 illiyinə həsr olunmuş gənclik forumu”, “Sən elə bir zirvəsən” bədii gecə, “Ulu Öndər irsi”, “Qəlbimizdə Yaşayan Ulu Öndər” adlı məlumatlandırıcı sessiyalar, görüşlər, ekskursiyalar və dəyirmi masalar keçirilib. Bakı və regionlarda ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.

“Dəmir Şəxsiyyət” həftəsi çərçivəsində Karyera klubları şəbəkəsi tərəfindən ulu öndərin fəaliyyəti dövründə tələbələr üçün atdığı addımlar, yaradılan imkanlar, gənclər siyasətində tələbələrin iş imkanlarının artırılması üçün görülən işlərlə bağlı ölkənin aparıcı mütəxəssisləri tərəfindən “Karyera Zirvəsi” adlı forum, Vətənpərvərlik klubları şəbəkəsi tərəfindən Heydər Əliyev və onun Türk dövlətləri ilə əlaqələri, Azərbaycan və Türkiyə münasibətlərində onun rolu, Türk millətləri tarixində ulu öndərin atdığı mühüm addımlar mövzusunda “Ulu öndərin izi” adlı konfrans baş tutub.

“Diplomatiya həftəsi” çərçivəsində ali təhsil müəssisələrində fəaliyyət göstərən MUN klublar tərəfindən beynəlxalq münasibətlər, diplomatiya və idarəetmə üzrə müxtəlif layihələr və MUN simulyasiya konfransları təşkil edilib. Belə ki, Azərbaycan Texniki Universitetinin MUN klubu tərəfindən ulu öndərin diplomatik əlaqələrin gücləndirilməsi istiqamətində gördüyü işlərlə bağlı intellektual yarış, ADA Universitetinin MUN klubu tərəfindən ümummilli lider Heydər Əliyevin xarici siyasət xətti və strategiyasının gənclərə aşılanaraq onlara diplomatik biliklərin ötürülməsi, gənclərin müxtəlif ölkələri təmsil edərək qlobal mövzular üzərində müzakirə aparması, problemləri diplomatiya və əməkdaşlıq yolu ilə həll etməsi və diplomatiya, liderlik, ictimai nitq, araşdırma bacarıqlarını inkişaf etdirməsi üçün simulyasiya konfransı, Bakı Avrasiya Universiteti MUN klubu tərəfindən “Ümummilli lider Heydər Əliyevin Azərbaycan diplomatiyasında rolu” adlı interaktiv seminar reallaşıb.

Eyni zamanda Gəncə şəhərində ulu öndərin 100 illik yubileyinə həsr olunmuş “Əzm Marafonu” adlı qaçış turniri təşkil olunub, Bakıda isə liderin əziz xatirəsini yad etmək məqsədilə şahmat yarışı keçirilib.

Əlavə olaraq xalqımızın ümummilli liderinin 100-cü ildönümü ilə əlaqədar olaraq gənclər təşkilatları və yerlərdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının aktiv üzvləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər.

Həyata keçirilən layihələr, ekskursiyalar, yürüşlər, tədbirlər, fləşmoblar və konfranslar bir daha göstərib ki, müasir Azərbaycanın qurucusu və memarı olan ulu öndər Heydər Əliyevin əziz xatirəsi daim tələbə gənclərin qəlbində yaşayır və hər zaman gənclər tərəfindən dərin məhəbbət ilə anılacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir