“İslahatçı Gənclər” Özbəkistanda çoxsaylı görüşlər keçirib – FOTO

Cəmiyyət


“İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfərdə olub. Birliyin sədri Fərid Şahbazlı və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Özbəkistanın bir sıra dövlət orqanlarında, media qurumlarında görüşlər keçiriblər.

Azərbaycan heyəti ilk olaraq, Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. Ziyarət çərçivəsində qonaqlar Azərbaycanın Özbəkistandakı Fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və mərkəzin direktoru Samir Abbasovla görüşüblər.

“İslahatçı Gənclər” İctimai Birliyinin heyəti daha sonra Özbəkistanın Gənclərlə İş üzrə Dövlət Agentliyində olub. İGİB heyəti agentliyin sədrinin müşaviri Mehrinoz Abbasovla görüşdə ölkəmizdə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti haqqında geniş məlumat verib, iki ölkənin gənclər təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsinə diqqət çəkib.

Qeyd olunub ki, hər iki ölkənin müvafiq dövlət orqanlarının dəstəyi ilə gənclər təşkilatlarının yerli və beynəlxalq səviyyədə birgə layihələr icra etməsinə, qarşılıqlı səfərlərin intensivləşdirilməsinə ciddi ehtiyac var.

Azərbaycanlı gənclər daha sonra Daşkənd Maliyyə İnstitutu və Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetini ziyarət ediblər. Hər iki universitetin rektoru, professor-müəllim heyəti və tələbələri ilə keçirilən görüşlərdə Azərbaycanla bağlı birgə tədbirlərin təşkili, tələbə gənclərin qarşılıqlı səfərləri və təhsil sahəsində birgə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çox mühüm müzakirələr aparılıb.

Özbəkistanlı tələbələr qarşısında çıxış edən azərbaycanlı gənclər ölkəmizin tarixi, mədəniyyəti, inkişaf tempi, 44 günlük II Qarabağ müharibəsindəki böyük zəfərimiz haqqında təqdimat edərək, geniş məlumat veriblər.

“İslahatçı Gənclər” İctimai Birliyinin heyəti səfər çərçivəsində, eyni zamanda, Özbəkistanın tanınmış media qurumlarını ziyarət edib. F.Şahbazlı və H.Heydərli Özbəkistanın M5 TV, Sevimli TV, Darakci.uz, Daryo.uz və digər kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüblər. Görüşlərdə Azərbaycan və Özbəkistan mediası arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Özbəkistanın M5 Televiziyası və Darakci.uz informasiya agentliyi gənclərin Özbəkistan səfəri ilə bağlı geniş materiallar hazırlayıblar.

F.Şahbazlı və H.Heydərli Özbəkistan mediasına müsahibəsində Azərbaycan həqiqətləri haqqında danışıb, iki ölkənin dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə layihələrin zəruri olduğuna diqqət çəkiblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir