Əliyevin Bolqarıstan səfəri: Təhlükəsizlik sxeminin cızılması – TƏHLİL

Siyasət


Prezident İlham Əliyevin Bolqarıstan Respublikasına işgüzar səfəri Bakı-Sofiya strateji tərəfdaşlığının təntənəsi elan edilə bilər.

Səfər zamanı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir.

Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər 2022-ci ilin oktyabrında Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istifadəyə verilməsi ilə yeni mərhələyə keçdi.

Bu interkonnektor Avropa İttifaqının Rusiya qazından asılılığını aradan qaldırmaq narrativləri ilə düz mütənasiblik təşkil edir.

Nəzərə alaq ki, Azərbaycan Balkan regionu ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Bu xüsusda Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi ilə Azərbaycan qaz ixracı bazarı Balkan regionunda daha da genişlənir.

Qaz interkonnektoru təkcə enerji layihəsi deyil, bu, regiondakı geosiyasi oyunları dəyişdirir və təhlükəsizlik üçün bir sıra çağırışlar ortaya qoyur.

Azərbaycan da həmin təhlükəsizlik arxitekturasında yer alır, deməli, rəsmi Bakının yürütdüyü siyasət onu Avropa məkanında oyunçuya çevirir.

Avropanın bir hissəsi olan, Bolqarıstanın da yerləşdiyi Balkan regionu bu mənada Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir. Deməli, Azərbaycanın xarici siyasətinin vektorlarında Balkan regionu mühüm prioritet istiqamətlərdən birini təşkil edir.

Məsələnin enerji təhlükəsizliyi ilə yanaşı, böyük strateji məna yükü də mövcuddur. Balkan regionu Şərqlə Qərb arasındakı bufer zonadır və Azərbaycan üçün strateji pəncərələr Türkiyənin Balkan regionunda iddialı gündəlik formalaşdırmaq tezisləri ilə uyğunluğa malikdir.

Çünki Türkiyə son 20 ildə Balkan regionunda diqqətəlayiq aktora çevrilib, indi Ankaranın regionda sülh, sabitlik, mehriban qonşuluq, həmrəylik üçün atdığı addımları Azərbaycanın siyasəti dəstəkləyir.

Hərçənd ki, Balkan regionu tarixin qaynar qazanlarından biri olaraq qalmaqdadır, buranın hansısa bir qığılcımla odlanması Azərbaycan və Türkiyənin maraqları ilə ziddiyyət təşkil edər.

Lakin iki ölkə regiondakı fəaliyyətini başqa dövlətlərə meydan oxumaq tərzində istiqamətləndirmir, onlar yalnız Avropanın təhlükəsizlik atmosferindəki zəhərlərin təmizlənməsinə töhfə verməyi hədəfləyirlər.

Azərbaycanla Bolqarıstan arasındakı münasibətlərə əlavə dəyərlərin yüklənməsini:

1. Azərbaycanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Avropa bazarlarında artan rolu;

2. Türkiyənin regionda güclənən fəaliyyəti;

3. Enerjinin paylanılmasında monopoliya yaratmaq istəyən Rusiyanın Qərblə kəskinləşən münasibətləri və bunun Cənubi Qafqaza təsirləri fonunda izah etmək olar.

İlham Əliyevin Bolqarıstana səfəri Cənubi Qafqazdan Balkan regionuna uzanan təhlükəsizlik zolağında status-kvonu dəyişdirmək cəhdlərinə qarşı sülh prioritetlərinin yenidən gündəmə gətirilməsidir.

Qərb böyük ölçüdə Azərbaycanın Avropa enerji bazarlarındakı oynadığı rol səbəbi ilə ona dəstək verir, ancaq regionda geostrateji maraqları təmin etmək istəyən Çin, Rusiya kimi fərqli oyunçular da mövcuddur.

Bu baxımdan, təhlükəsizlik arxitekturası kövrəkdir, lakin Azərbaycan-Türkiyə-Qərb üçbucağı probemlərin ərsəyə gəlməməsi üçün xeyli əmək sərf edəcək.

Aqşin Kərimov

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir