AZƏRBAYCAN MAARIFÇILIK İŞIGININ CŐVHƏRI

Cəmiyyət Tarix

XX yüzilin əvvəllərində Azərbaycanda qadınların təhsil alması, maariflənməsi yolunda mayak kimi işıq saçan, cəhalət mühitində bütün maneələrə qarşı mübarizə apararaq həyatı, fəaliyyəti ilə hamıya örnək olan aydınlardan biri də Gövhər xanım Qacar (1862, İrəvan – 1927) olmuşdur. O, bütün şüurlu həyatı boyu qadınlarımızın mədəni inkişafı üçün dəstəyini əsirgəməmiş, dövrün çətinliklərinə baxmayaraq əqidəsindən, yolundan dönməmişdir. Bu cəsarətli maarifçi qadın daim qadınların mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edən tədbirlərin həyata keçirilməsinə önəm vermiş, öz önəmli töhfələri ilə seçilmişdir.

XIX yüzilin ortalarından başlayaraq yüksəliş mərhələsinə qədəm qoyan maarifçilik hərəkatı XX yüzilin əvvəllərində bir çox nüfuzlu qadın cəmiyyətlərinin yaranmasına da səbəb olmuşdu. Həmin cəmiyyətlərdən biri də 1910-cu ildə Sofiya Şahtaxtinskayanın təşəbbüsü ilə Tiflisdə yaradılan Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti idi. Cəmiyyət 40 nəfərdən çox qadın aydının fəaliyyətini özündə birləşdirirdi. Cəmiyyətə seçilən dörd nəfər fəxri və daimi üzv sırasında Nigar xanım Şıxlinskaya, Məsimə xanım Talışinskaya, Səltənət xanım Əhmədova ilə yanaşı Gövhər xanım Qacar da vardı. Gövhər xanım Qacar bu cəmiyyətə sədr seçilmişdi.

Cəmiyyətin sədri Gövhər xanım Qacarın müavini Həmidə xanım Cavanşir, xəzinədarı Mina xanım Talışinskaya idi. Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti yaradıldıqdan dərhal sonra həyata keçirdiyi ciddi maarifçilik işləri ilə bütün Qafqazda əks-səda doğurmuşdu. Cəmiyyətin nəzdində bir neçə qız məktəbinin açılması, qadınlardan ibarət dram dərnəklərinin yaradılması həmin önəmli xidmətlərdəndir. Bir qədər sonra qadın maarifçilik hərəkatının mətbuata yol açması – 1911-ci ildə Xədicə Əlibəyovanın başçılığı ilə “İşıq” adlı ilk qadın jurnalının nəşrə başlaması, 1914-cü ildə Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradılması məhz Gövhər xanım Qacarın başladığı, bütün Qafqaza səs salan qadın maarifçiliyinin çox tez bir zamanda Azərbaycanda bəhrəsini verdiyini göstərir.

Dövrün aydınları Gövhər xanım Qacarın doğma vətəni, milləti üçün gördüyü işləri yüksək dəyərləndirirdi. Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı Həmidə xanım Cavanşirin xatirələrində oxuyuruq: “Cəmiyyətin sədri Gövhər xanım Qacar savadlı, işgüzar və bacarıqlı bir qadın idi, çadrasız gəzirdi, əri hərbi qulluqçu idi. Tiflisin yüksək cəmiyyətlərinə gedib-gələr, canişin arvadının ziyafətlərində olardı. Özünün əlaqələri, həmçinin ağlı və nəzakəti ilə o bizim tədbirlərimizin həyata keçirilməsinə kömək edərdi”.

Gövhər xanım Qacar özü aydın ailəsində doğulub-böyümüş, Azərbaycan tarixinin böyük şəxsiyyətlərini yetirən bir ailəyə – Fətəli şahın nəvəsi, Azərbaycan hakimi və taxt-tacın varisi Abbas Mirzənin oğlu, görkəmli siyasi xadim, sərkərdə, tarixçi alim Bəhmən Mirzə Qovanlı-Qacarın (11.10.1810, Təbriz – 11.02.1884, Şuşa) evinə gəlin köçmüşdü. Gövhər xanımın bacıları da Bəhmən Mirzənin gəlinləri olub. Tanınmış araşdırmaçı Şəmistan Nəzirlinin “Qacar sülaləsinin sərkər­dələri” adlı əsərindən bəlli olur ki, şahzadə Bəhmən Mirzə Qacarın üç oğlu Ağaəli Əkbər İsmayılovun üç qızı ilə evlənmişdir: General Əmir Kazım (Əmir Kazım mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (01.05.1853, Şuşa – 1920, Gəncə) Gövhər xanımla, Xancan xan Fərruxa xanımla, Əliqulu Mirzə isə Sara xanımla ailə qurmuşdu.

Gövhər xanım Qacar 1862-ci ildə İrəvanda dövrünün qabaqcıl düşüncəli, tanınmış maarifpərvər şəxslərindən olan Ağaəli Əkbər bəy İsmayılovun ailəsində dünyaya göz açmışdır. Atası Ağaəli Əkbər bəy kiçik yaşlarından övladlarının təhsili, təlim-tərbiyəsi ilə çox ciddi maraqlanmışdı. O, övladlarının hamısına ali təhsil vermişdi. Təkcə Azərbaycanda deyil, bütün Qafqaz bölgəsində müsəlman ailələrin qızlarını oxutmadığı bir vaxtda o, qızlarının ali təhsil alması ilə qürur duymuşdu. Elə bu səbəbdən dövrün cəhalət pərdəsi ilə gözləri qapanan nadanları ona düşmən kəsilmişdi. Və bu düşmənlərin sayı heç də az deyildi. Çadrasını atan qızları Zaqafqaziya Nücabə (Nəcib) Qızlar İnstitutunda oxuduğu üçün Ağaəli Əkbər İsmayılov 1903-cü ildə qulluqçusunun köməyi sayəsində evinə daxil ola bilən fanatiklərin əlilə öz evində qətlə yetirilmişdi. Qızlarını oxutduğu üçün öldürülən atanın övladları isə bütün ömürlərini öz vətənlərində maarif işığını daha uzaqlara yaymağa sərf etmişdilər.

Gövhər xanım Qacar belə bir maarifpərvər ailənin yetirməsi idi. Bəli, o, Tiflis Nücabə Qızlar İnstitutunda ali təhsil almış, Peterburq Qızlar İnstitutunun nəzdində xüsusi kurs bitirmişdi. Savadlı, işgüzar, xeyriyyəçi Gövhər xanım Qacar dövrünün ən nüfuzlu qadınlarından biri olmuşdur. O, həyat yoldaşı general Əmir Kazım Mirzə Qovanlı-Qacarla birgə XX yüzilin əvvəllərində Qafqaz müsəlmanlarının bütün mədəni tədbirlərində yaxından iştirak etmişdir. Qeyd etməliyik ki, Gövhər xanım Qacarın maarifçi-xeyriyyəçi qadın kimi fəallığında gəlini olduğu ocağın da xüsusi qatqısı vardı. Təkcə bir faktı xatırlamaq yetərlidir ki, qayınatası Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili vermiş, 31 oğlunun əksəriyyəti yüksək rütbəli hərbçi, 6 oğlu general, 6 oğlu isə polkovnik olmuşdur. (Qeyd: Bəhmən Mirzə Mələk Sultan xanım Məhəmmədtağı Mirzə qızı Qacarla, Püstə (Afərim) xanımla, Bərdə xanım Qurbanqızı ilə, Xəndan xanımla evlənmiş, bu evliliklərdən onun 63 (31 oğul, 32 qız) övladı olmuşdu. Bəhmən Mirzənin övladlarının hamısı ali təhsil almışdı).

Gövhər xanım Qacarla evlənən oğlu Əmir Kazım Mirzə isə təkcə general-mayor rütbəli hərbçi deyil, həm də böyük maarifpərvər aydın idi. O, xalqımızın maariflənməsində önəmli xidmətləri ilə seçilmiş, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin açılmasına maddi cəhətdən köməklik göstərmiş, kasıb balalarını öz vəsaiti ilə oxutmuşdur. Əmir Kazım Mirzə Qovanlı-Qacar 1910-cu ildən Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiy­yətinin fəxri üzvü olmuşdur. Çar ordusunun bu məşhur generalı tarixin ən önəmli ictimai-siyasi və mədəni hadisələrinin yaxından iştirakçısı olmuş, millətimizin inkişafına öz töhfələrini vermişdi. O, 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda yaxından iştirak etmiş, 1911-ci ildə görkəmli dramuturq Mirzə Fətəli Axundovun yüzillik yubileyi onun rəhbərliyi ilə keçirilmişdi. Həmişə Azərbaycan elminin, mədəniyyətinin təəssübünü çəkən Əmir Kazım Mirzə 1913-cü ildə “Molla Nəsrəddin” jurnalı məhkəməyə veriləndə mədəni inkişaf tariximizdə önəmli rolu olan bu jurnalın qızğın müdafiəsinə qalxmışdı. Həyatını və fəaliyyətini vətənin inkişafına həsr edən general və aydın şəxsiyyət ömrünü millətinin istiqlalı üçün fəda etmişdi. Cümhuriyyət illərində Gəncə komendantı vəzifəsində işləyən Əmir Kazım Mirzə Aprel çevrilişindən sonra Gəncə üsyanında iştirak edərkən əsir düşmüş, 1920-cu ildə “fövqəladə komissar2 Tixarelinin əmri ilə Gəncədə öldürülmüşdü. Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində Əmir Kazım Mirzə Qacarın adını da böyük ehtiramla yada salır, onun haqqında “İstiqlal şəhidi” deyə məhəbbətlə söz açırdı.

Gövhər xanım Qacar da ömür-gün yoldaşı ilə birgə öz həmvətənlərini, xalqının övladlarını ən yüksək mədəni səviyyəli cəmiyyətlərdə görmək istəyir, bu işdə qadınlarımızın kişilərdən geri qalmaması üçün elmin, maarifin önəmli rolu təbliğ, tərənnüm və təşviq edirdi. Buna görə də Azərbaycan qadınının inkişafı üçün bütün səy və bacarığını əsirgəmirdi. Onun qadınlarımızın inkişafında ən böyük xidmətlərindən biri 1912-ci ildə Tiflisdə Azərbaycan Dram Cəmiyyətinin təsisi və teatr binasının açılmasında yaxından iştirakı idi.

Gövhər xanım bir ana kimi də övladlarının təhsilinə, mədəni inkişafına xüsusi diqqət yetirmişdi. Həyat yoldaşı Əmir Kazım Mirzə ilə birlikdə övladlarını öz istedad və bacarığına görə düzgün yönləndirmiş, onların cəmiyyətin layiqli üzvü olmasında önəmli rol oynamışdı. Onun altı övladı: Manica xanım, Darab Mirzə, Leyla xanım, Ziba xanım, Davud Mirzə, Aliyə xanım müxtəlif universitetləri bitirmiş, hər biri öz sahəsinin ən yaxşı mütəxəssisi kimi tanınmışdı. Lakin “sovet hökumətinin düşməni” – “əksinqilabçı” kimi güllələnən atanın övladları üçün sovet dövründə yaşamaq heç də asan olmamış, onlar həyatın min bir müsibəti ilə üz-üzə qalmışlar. Manica xanım və Darab Mirzə xarici ölkələrdə, qürbət ellərdə yaşamalı olmuş, Leyla xanım adını fransız adı ilə dəyişərək Fransada vətən həsrəti çəkmiş, Aliyə xanım həbsxanada öldürülmüşdü… Təkcə Ziba xanım ömrünü öz vətənində başa vurmuşdu. Ağlagəlməz təqiblərin məngənəsində əziyyət çəksə də, əri Cahangir bəy Qayıbov 1937-ci ildə repressiya qurbanı kimi Tiflisdə güllənsə də, o, vətənindən uzağa getməmiş, bütün çətinliklərə dözüb Azərbaycanda yaşamış, ömrünün sonunadək, yəni 1964-cü ilə qədər Bakıdakı 1 saylı Göz xəstəxanasında oftolmoloq-həkim olaraq çalışmışdı.

Gövhər xanım Qacar 1927-ci ildə dünyadan köçəndə təkcə ərinin vətənin azadlığı, istiqlal mücadiləsi uğrunda qətlə yetirildiyinin şahidi olmuş, bu itkinin acısını yaşamışdı. Onun vəfatından sonra isə dövrün siyasi tufanı bütöv bir ailəni məhv etmiş, bu irəligörüşlü ananın min bir nazla böyüdüb təhsil verdiyi, cəmiyyətin ən layiqli üzvləri kimi yetişdirdiyi övladları həbsxana hücrəsində öldürülmüş və ya yurdundan-yuvasından didərgin salınmışdır. Xatirələrdə qalan isə həmin qara tufanın məhv etdiyi məsum insanların Azərbaycan elminə, mədəniyyətinə, siyasətinə, bütövlükdə Azərbaycana qazandırdıqlarıdır.
RUHLARI ŞAD OLSUN!

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir