Dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektorunun payı 57,3 faizə yüksəlib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Maliyyə Nazirliyi 2026-cı ilin ilk yarısı üzrə dövlət
və icmal büdcələrinin icrasına dair növbəti göstəriciləri
açıqlayıb.

Nazirliyin məlumatına əsasən, hesabat dövründə dövlət büdcəsinin
gəlirlərində qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 57,3 faiz
təşkil edib. Bu göstərici əvvəlki illərlə müqayisədə qeyri-neft
sektorunun büdcə gəlirlərinin formalaşmasında rolunun daha da
artdığını göstərir. Eyni zamanda, icmal büdcənin qeyri-neft baza
kəsirinin qeyri-neft ümumi daxili məhsula (ÜDM) nisbəti 2026-cı
ilin iyun ayının sonuna 17,5 faizə enib ki, bu da fiskal
dayanıqlığın gücləndiyini nümayiş etdirir.

Nazirliyin təqdim etdiyi dövlət xəzinədarlığı göstəricilərinə
görə, 2026-cı ilin yanvar–iyun aylarında dövlət büdcəsinin
gəlirləri 19 milyard 179,2 milyon manat, maliyyələşdirilmiş
xərclərdən faktiki istifadə olunmuş vəsait isə 16 milyard 775,5
milyon manat təşkil edib. Xərclərin icrası ilə bağlı ödənilmiş
tapşırıqların həcmi 624,1 min olub.

Bununla yanaşı, vahid xəzinə hesabının qalıqlarının aktiv idarə
edilməsindən 27 milyon manat həcmində faiz gəliri əldə edilib. Bu
gəlirlər yalnız xarici valyutada yerləşdirilən vəsaitlər hesabına
formalaşıb.




Məlumata görə, “ƏDV geri al” layihəsi çərçivəsində də
vəsaitlərin geri qaytarılması davam etdirilib. Hesabat dövründə
əlavə dəyər vergisi üzrə 153,2 milyon manat məbləğində geri ödəniş
həyata keçirilib. Eyni zamanda 154,6 milyon manat fiziki və hüquqi
şəxslərə qaytarılıb, dövlət rüsumları üzrə geri qaytarılan vəsait
isə 1,4 milyon manat təşkil edib.

Qeyd edək ki, maliyyə naziri Sahil Babayev Milli Məclisin
iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin
icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı son illər
həyata keçirilən islahatların qeyri-neft sektorunun davamlı
inkişafını təmin etdiyini bildirib. Onun sözlərinə görə, hesabat
dövründə qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil
edərək ümumi ÜDM-in 71,5 faizinə çatıb ki, bu da əvvəlki illə
müqayisədə 2,7 faiz real artım deməkdir.

Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı
55,2 faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə yüksəlib. O
vurğulayıb ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi
daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə
yüksəlib və 2026-cı il dövlət büdcəsində bu göstəricinin 57,4 faizə
çatdırılması nəzərdə tutulur.

“Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun
inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının
azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri
olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması
və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı
olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır”, –
deyə Sahil Babayev bildirib.