
Bakı. Trend:
Prezident İlham Əliyevin ötən ilin 8 avqust tarixində ABŞ
Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri
çərçivəsində əldə edilən sülh razılaşmasından bir il keçir.
Ermənistan-Azərbaycan münaqişəsinə siyasi nöqteyi-nəzərdən son
qoyulduğu, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açıldığı
bu səfər mühüm məqamları ilə tarixə yazıldı. Səfər ABŞ-Azərbaycan
əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında
sülh gündəliyinin formalaşmasında tarixi əhəmiyyətə malikdir. Əldə
olunmuş uğurlar Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü,
Azərbaycanın milli maraqlarına əsaslanan uğurlu siyasətinin
nəticəsidir. Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın
və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş,
imzalanan Birgə Bəyannamə təkcə Cənubi Qafqazda sabitliyin təminatı
baxımından deyil, bütövlükdə müasir dünyamızda həllini gözləyən bir
çox münaqişələr üçün dönüş nöqtəsi kimi dəyərləndirildi. BMT
Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə
hüququna əsasən ərazi bütövlüyünü, suverenliyini tam təmin edən
Azərbaycan sülh və təhlükəsizlik tərəfdarı olduğunu təsdiqlədi.
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında
sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında
Sazişin paraflanması sülh razılaşmasının imzalanmasına etibarlı,
hüquqi keçid oldu. Vaşinqton görüşlərində illərdən bəri uğursuz,
səmərəsiz fəaliyyəti ilə diqqətdə olan Minsk qrupunun tərəflərin
birgə razılığı ilə ləğv olunması sülhə doğru atılan mühüm addım
kimi dəyərləndirildi. Bəyannamədə Naxçıvanla Azərbaycanın əsas
hissəsi arasında maneəsiz əlaqənin yaradılması, Ermənistanın
beynəlxalq ticarət şəbəkəsinə çıxışını təmin edəcək bəndlər yer
aldı. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)
layihəsi haqqında razılaşma da həmin səfərin uğurlu nəticələri
sırasında oldu. Prezident İlham Əliyev həmin səfər çərçivəsində
Azərbaycanın media nümayəndələrinə müsahibəsində bir daha bildirdi
ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır:
əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki,
Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş
Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli
məsələdir.
ABŞ-nin keçmiş prezidenti Baydenin yarıtmaz komandasından fərqli
olaraq Tramp Administrasiyası tərəfindən “Azadlığa Dəstək Aktı”na
əlavə olunan 907-ci düzəlişin icrasının dayandırılması Prezident
İlham Əliyevin daha bir diplomatik qələbəsi oldu. Bayden
Administrasiyası dövrünün reallıqları məlumdur. Azərbaycanın
regionda aparıcı dövlət olmasını, potensialını düzgün
qiymətləndirməyən Bayden Administrasiyası həyata keçirdiyi
destruktiv siyasətlə ardıcıl şəkildə Azərbaycanla əlaqələrin
zəifləməsində maraqlı olduğunu açıq-aydın nümayiş etdirdi. Donald
Tramp Prezident seçildikdən sonra ABŞ-nin xarici siyasətində köklü
dəyişikliklərə rəvac vermiş, Prezident İlham Əliyevin də qeyd
etdiyi kimi dünyada sülh, barış yolunu tutmuş və dünya ölkələri ilə
münasibətlərində də məhz bu amili əsas götürmüşdür. Bayden
administrasiyasından fərqli olaraq Prezident Tramp daha rasional,
zamanın tələblərinə uyğun siyasət yürütmüş, bunun tərkib hissəsi
kimi ölkəsinin Azərbaycanla əlaqələrini yenidən qiymətləndirmiş,
Azərbaycanla əlaqələrinin inkişafını və regional sülhün təmin
edilməsini əsas istiqamət kimi götürmüş və həyata keçirməyə
başlamışdır. Buna görə də ABŞ-Azərbaycan əlaqələrinin
transformasiyası və Azərbaycanla Ermənistan arasında sülhün
bərqərar olması biri-birini tamamlayır və vahid bir prosesin tərkib
hissələri kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi illərdən bəri
ölkəmizə qarşı aparılan təxribatların iflası, həqiqətin yalanlar
üzərində qələbəsi oldu. Vaşinqtonda imzalanan Bəyannamədə
Azərbaycanın milli maraqları tam şəkildə nəzərə alındı, ərazi
bütövlüyü və suveren hüquqları birmənalı şəkildə təsdiqləndi. Bu,
Prezident İlham Əliyevin beynəlxalq aləmdə qazandığı etimadın,
diplomatik uğurlarının daha bir təsdiqi oldu.
ABŞ Prezidenti Donald Trampın, Prezident İlham Əliyevin və
Ermənistanın baş naziri Nikol Paşinyanın Ağ Evdə mətbuata birgə
bəyanatları qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi
qiymətləndirildi. ABŞ Prezidenti Donald Tramp mətbuata bəyanatında
bildirmişdi ki, bu ölkələr uzun illər ərzində – 35 il müharibə
şəraitində olublar. İndi isə onlar dostdur və bundan sonra uzun
müddət dost qalacaqlar. Prezident İlham Əliyev vurğulamışdı ki, bu
gün biz Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası
münasibətlərimizdə yeni tarix yazırıq: “Biz strateji tərəfdaşlıq
yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq
Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi
nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji
tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də
məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri
əhatə edir – qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq,
tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və
terrorizmlə mübarizə. Bu günədək bu sahələrdə əməkdaşlığımız olub
və gələcəkdə də fəal əməkdaşlığımız olacaqdır. Bu, Azərbaycan üçün
inkişaf yolunda iqtisadiyyatın şaxələndirilməsi, bu gün olduğu
kimi, işsizliyin aşağı səviyyədə saxlanılması və gələcəyə böyük
nikbinliklə baxmaq üçün yeni imkanlar yaradır”.
ABŞ Prezidentinin Ağ Evin rəmzi açarını dünya siyasətində
qətiyyətli mövqeyi, zəngin təcrübəsi ilə böyük nüfuz qazanan
Prezident İlham Əliyevə təqdim etməsi ABŞ-Azərbaycan əlaqələrinə
verilən dəyər, dövlət başçımıza şəxsi hörmət və etimadın ifadəsi
idi. Son bir ildə Azərbaycan-ABŞ münasibətlərinin inkişafında
əhəmiyyətli addımlar davamlılığı ilə diqqətdə oldu.
Prezident İlham Əliyev ötən ay keçirilən IV Şuşa Qlobal Media
Forumundakı çıxışında diqqəti Azərbaycan-ABŞ münasibətlərinin
hazırkı inkişaf səviyyəsinə yönəldərək bildirdi ki, ötən ilin
avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və
sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın
təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi
dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji
Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə
Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda
münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün
biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının
icrası üzərində fəal şəkildə işləyirik.
Sülh müqaviləsinin beynəlxalq hüquqa əsaslanan şərtlərinin müəllifi
və təşəbbüskarı Azərbaycandır. Prezident İlham Əliyev həm
müharibədə, həm də sülhdə qələbə qazandı. Azərbaycanla Ermənistan
arasında ABŞ-da sülh müqaviləsinin paraflanması uzun bir prosesin
məntiqi nəticəsi olmuş, Ermənistan sülhə məcbur edilmiş və
paraflanma ABŞ-nin vasitəçiliyi ilə baş tutmuşdur. Azərbaycan sülh
müqaviləsində nəzərdə tutulan 5 prinsipin müəllifidir. Ermənistan
hazırda özünü sülh tərəfdarı kimi təqdim etsə də, bu, belə deyil.
2020-ci ildən əvvəl Ermənistanın işğalı genişləndirmək planları,
müharibə dövründə Ermənistan ordusunun Azərbaycanın dinc
şəhərlərini raket atəşinə tutması, 44 günlük müharibədən sonra
Ermənistanın revanşist planları, 2023-cü ildə antiterror
əməliyyatından sonra Paşinyanın reallıqları anlaması və sülhə
məcbur edilməsi bunun təsdiqidir. Ermənistan heç də özünü təqdim
etdiyi kimi sülh tərəfdarı olmayıb, məhz Prezident İlham Əliyevin
ardıcıl, məqsədyönlü siyasəti, Azərbaycanın qələbəsi, gücü
Ermənistanı sülhə məcbur edib. Buna görə də Azərbaycan həm qalib
ölkədir, həm də sülhün müəllifidir. İkinci Dünya müharibəsi 1945-ci
ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi
yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqləndi.
Prezident İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından
cəmi iki il sonra Ermənistanı sülhə məcbur etdi. 2025-ci il
avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin
paraflanması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu
siyasətin nəticəsi və müharibədə qalib olan dövlət başçımızın
sülhdə də qələbəsidir. Prezident İlham Əliyev müharibədə qalib
olaraq və Ermənistanı sülhə məcbur edərək yeni reallıq yaratdı.
Bugünkü sülh, təhlükəsizlik mühitinin güclənməsi, Ermənistanın
revanşist iddialardan geri çəkilməsi, konstitusion islahatlara razı
olması və bu istiqamətdə iş aparması bunun nəticəsidir.
Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının
dəyişilməsi ilə Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhə nail
olunacaq. Prezident İlham Əliyev ötən il ABŞ-yə işgüzar səfəri
zamanı mətbuata bəyanatında bu çağırışı etmişdi ki, biz dünyanın
bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən
qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə, hər kəs
başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var, həm ölkəmiz
üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz haqq-ədaləti
müharibə yolu ilə bərpa etdik. İndi isə buna siyasi müstəvidə də
nöqtəni qoyduq.
Ümumiləşdirilmiş şəkildə qeyd edək ki, Vaşinqton sammitindən ötən
bir ildə Cənubi Qafqazda sülhün və regional inteqrasiyanın
möhkəmləndirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olundu.
Prezident İlham Əliyevin “Azərbaycan bu razılaşmadan dərhal sonra
praktiki addımlara keçdi. Bu gün Azərbaycan tərəfindən təchiz
edilmiş benzin və dizel yanacağı Ermənistanın enerji
təhlükəsizliyinə çox böyük töhfədir. Xüsusilə nəzərə alsaq ki, bu
gün neft məhsullarının ixracı və idxalı ilə bağlı bir çox
problemlər müəyyən səbəblərə görə mövcuddur və eyni zamanda,
Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin göndərilməsi də
artıq geniş vüsət alıb. Bu günə qədər 40 min tondan çox tranzit
yüklər Azərbaycan ərazisindən keçib”, – fikirləri bu reallığın
təsdiqidir.
Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı

