Macarıstanda Dunayda suyun səviyyəsinin azalması nəticəsində Vermaxt əsgərlərinin qalıqları aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Macarıstanda Dunay çayında suyun səviyyəsinin azalması
nəticəsində Vermaxtın iki əsgərinin qalıqları, həmçinin DKW NZ
350-1 markalı motosiklet və Tellermine 35 tank əleyhinə minaları
aşkarlanıb.

Bu barədə Almaniyanın Hərbi Məzarlıqlara Qayğı üzrə Xalq Birliyi
məlumat yayıb.

Məlumata görə, tapıntılar Budapeştin ətrafında yerləşən Budaörş
şəhərində Dunayın üzə çıxmış yatağında batmış gəmilərin tədqiqi
zamanı aşkar edilib. Qazıntı işlərini Macarıstanın Hərb Tarixi
İnstitutu və Muzeyinin əməkdaşları aparıblar. Döyüş sursatı aşkar
edildiyindən hadisə yerində istehkamçılar da çalışıb, işlər
aparılan müddətdə sahil zolağı mühasirəyə alınıb.




Hadisə yerində həlak olmuş əsgərlərə məxsus tanınma nişanları da
tapılıb. Birliyin məlumatına görə, həm nişanlar, həm də motosiklet
lilin tərkibindəki dizel yanacağı qarışığı sayəsində yaxşı
vəziyyətdə qalıb.

Tanınma nişanlarının bütöv olması onu göstərir ki, əsgərlərin
yaxınları böyük ehtimalla onların həlak olması barədə rəsmi
bildiriş almayıblar. Qalıqların Budaörşdə yerləşən Vermaxt
əsgərlərinin qəbiristanlığında dəfn ediləcəyi gözlənilir.

Almaniya Hərbi Məzarlıqlara Qayğı üzrə Xalq Birliyi ümid edir
ki, çayın dayazlaşması yaxın vaxtlarda arxeoloqlara Dunayda həlak
olmuş digər Vermaxt əsgərlərinin qalıqlarını da aşkar etməyə imkan
verəcək.