KMBİ xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxsləri saxlayıb

Baş səhifə

Bakı. Trend:

KMBİ xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən
şəxsləri saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat
verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla
Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən
növbəti əməliyyat-texniki tədbirlər nəticəsində müxtəlif xarici
ölkələrin informasiya sistemlərinə kiberhücumlar təşkil etməkdə
şübhəli bilinən 23 yaşlı Ramil Feyziyev və 22 yaşlı Elçin
Abdullazadə saxlanılıblar:

“Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxslər xarici
dövlətlərə məxsus çoxsaylı veb-saytların serverlərinə müdaxilələr
edərək onların idarəetmə panellərinə icazəsiz giriş əldə ediblər.
Daha sonra məxfi məlumatları ələ keçirən bu şəxslər internet
resurslarının əsas səhifələrində dəyişikliklər edib, özlərinə
məxsus proqram təminatı yerləşdirərək nəzarətə götürüblər. Bununla
da onlar ələ keçirdikləri internet resurslarının idarəetmə
panellərinin satışını təşkil ediblər.




Araşdırma zamanı müəyyən edilib ki, R.Feyziyev ümumilikdə 2300,
E.Abdullazadə isə 179 xarici veb-sayta qanunsuz müdaxilə edərək
həmin internet resurslarını ələ keçiriblər”.

Qeyd olunub ki, faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə cinayət işi başlanılıb, kiberpolis tərəfindən
müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə qarşılıqlı
əməkdaşlıq çərçivəsində əməliyyat-istintaq tədbirləri davam
etdirilir.

“Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, informasiya
sistemlərinə qanunsuz müdaxilə etmək, onları ələ keçirmək və ya
satışını həyata keçirmək cinayət əməlidir. Bu kimi qanunsuz
hərəkətlərə yol verən şəxslər həm yerli, həm də beynəlxalq
qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət
daşıyırlar. Rəqəmsal mühitdə anonim qalacaqlarını düşünən şəxslər
müasir istintaq və kiberkriminalistik imkanlar sayəsində müəyyən
edilərək qanun qarşısında cavab verməyə məcbur olurlar. Unutmaq
olmaz ki, yüksək texniki bilik və bacarıqlar yalnız qanuni
məqsədlərə, cəmiyyətin, dövlətin və informasiya təhlükəsizliyinin
qorunmasına xidmət etməlidir”, – deyə məlumatda bildirilib.