Bakı. Trend:
İş adamı və siyasətçi Abelardo de la Esprielya Kolumbiyanın yeni
prezidenti kimi and içib. İnauqurasiya mərasimi
Caracol telekanalında canlı yayımlanıb.
“Dövlət başçısı parlament üzvlərinin iştirakı ilə and içərək
deyib: “Allaha and içirəm və Kolumbiyanın Konstitusiyasına və
qanunlarına sədaqətlə riayət edəcəyimi xalqa vəd edirəm”.
Mərasim Kolumbiyanın paytaxtı Boqotada deyil, ölkənin qərbində
yerləşən Kali şəhərində keçirilib. İnauqurasiya mərasimində
Argentina, Çili və Ekvador prezidentləri Xavyer Miley, Xose Antonio
Kast və Daniel Noboa da iştirak ediblər.
De la Espriella iyunun 21-də keçirilən prezident seçkilərinin
ikinci turunun nəticələrinə əsasən qalib gəlib. O, seçicilərin 49,6
faizinin dəstəyini qazanaraq həmin vaxt hakimiyyətdə olan solçu “Tarixi Pakt” partiyasının namizədi İvan Sepedunu 1 faiz bəndi
qabaqlayıb. Sepedu 48,7 faiz səs toplayıb.
Seçki kampaniyası zamanı de la Espriella özünü sistemdən kənar
siyasətçi kimi təqdim edib və “ölkənin sol qüvvələr tərəfindən məhv
edilməsinin” qarşısını almaq üçün prezidentliyə namizəd olduğunu
bildirib.
O, prezident kimi əsas vəzifəsinin cinayətkarlıq və narkotik
ticarəti ilə mübarizə olduğunu açıqlayıb. Yeni prezident silahlı
qruplaşmalar və narkotik kartelləri ilə hər hansı danışıqların
aparılmasına qarşı çıxır.
İqtisadi artımı stimullaşdırmaq üçün de la Espriella dövlət
xərclərini əhəmiyyətli dərəcədə azaltmağı, biznes üçün vergi yükünü
aşağı salmağı, mədən yanacaqlarının hasilatını artırmağı və onların
ixracını genişləndirməyi vəd edib.
Xarici siyasətdə o, ABŞ-la hərbi əməkdaşlığın gücləndirilməsini
dəstəkləyir və Amerika hərbçilərinin narkotik kartellərinin
laboratoriyalarına qarşı zərbələrdə iştirak etməsi imkanını
nəzərdən keçirmək niyyətindədir.
De la Espriella həmçinin Qəzza zolağındakı münaqişə fonunda
2024-cü ilin mayında Qustavo Petronun hökuməti tərəfindən kəsilmiş
İsraillə münasibətləri bərpa etməyi, habelə Kolumbiyanın Kuba və
Nikaraquadakı səfirliklərini bağlamağı planlaşdırır.

