“İndi biz bu bayağılığa məğlubmu olacağıq?” – Rəşad Məcid narazıdır

Baş səhifə

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid TikTok platforması barədə narazılığını ifadə edib.

Modern.az-ın məlumatına görə, Rəşad Məcid TikTok-un beyinləri çürütdüyünü vurğulayıb və mətbuatın bu sosial şəbəkəyə məğlub olacağı barədə proqnozlardan narahatlığını ifadə edib:

“Son vaxtlaracan 85 yaşlı anam hər ay 3 kitab oxuyurdu. Sonra qardaşım onun telefonuna TikTok proqramı yüklədi. İndi anam 3 aya bir kitab oxuyur.
Əcaib səslər evi başına götürəndə bilirəm ki, anam yenə TikTok-un videolarına baxır. Suallar da verir. Deyirəm, ana, qulaq asma, danışdıqları yalandır, saxtadır. Amma görürəm, yox, mənə şübhə ilə yanaşır.
Bir-iki dəfə anamdan telefonu alıb TikTok-un videolarına mən də baxmışam. Tam bir bayağılıq – primitiv məlumatlar, düşük zarafatlar, şit lağlağılar…
İndi biz bu bayağılığa, primitivliyə məğlubmu olacağıq?”

Rəşad Məcid xatırladıb ki, türkiyəli jurnalist Yılmaz Özdil saatlarla sosial mediada qurdalanmağı beyin çürüməsi adlandırıb.

“Baxa-baxa, videoları ötürə-ötürə vaxtın necə keçdiyini bilmirik. Və bütün bunlardan yadda heç nə qalmır – nə düşünməyə vadar edir, nə də mənəvi sakitlik yaradır. Bayağı zarafatlar, səthi və səhv məlumatlar, diqqəti bir neçə saniyəlik ələ keçirmək niyyəti ilə hazırlanmış, düşünmək, kitab oxumaq vərdişini zəiflədən mənasız məzmunlar beyni çürüdür!
Bəs neyləməli?
Dövrün vəbasına çevrilən bu tendensiyaya məğlubmu olmalı, onunla barışmalımı? Kitabın, qəzetin, mütaliənin ani həzz yaradan videolar qarşısında geri çəkilməsinə, seçim azadlığının yırtıcı alqoritmlərin əsirinə çevrilməsinə seyrçimi qalmalı?
Yoxsa hələ nə qədər gec deyil, hansısa formada bu xaosa müqavimət göstərməyin yollarını axtarmalıyıq?”, – deyə Mətbuat Şurasının sədri sual edib.