
Bakı.Trend:
Türk əsilli Amerika mühəndisi, tədqiqatçı və yazıçı Ergün
Kirlikovalı Nobel mükafatı laureatı Nassim Nikolas Talebin Ruben
Vardanyanla bağlı mövqeyini tənqid edib. Onun fikrincə, keçmiş
sahibkar və xeyriyyəçi kimi təqdim olunan Vardanyanın ictimai imici
fəaliyyətinin bütün tərəflərini əks etdirmir.
Artıq 43 ildir ABŞ-də yaşayan Kirlikovalı qabaqcıl materiallar
və mühəndislik texnologiyaları sahəsindəki işləri ilə tanınır. O,
ABŞ-nin müdafiə və aerokosmik sənayesində tətbiq olunan xüsusi
materiallar və örtüklərin müəllifidir. Onun tədqiqatları möhkəmlik
və elastikliyi özündə birləşdirən yüksək dayanıqlı kompozit
materialların hazırlanması ilə bağlıdır.
Kirlikovalı Talebə ünvanladığı açıq məktubda yazıçının “X”
sosial şəbəkəsində Ruben Vardanyan həbsdə qaldığı müddətdə Bakıda
çıxış etməkdən imtina etdiyini bildirməsinə münasibət bildirib.
“”X” sosial şəbəkəsində Ruben Vardanyan həbsdə qaldığı müddətdə
Bakıda mühazirə oxumaqdan imtina etdiyiniz barədə son ictimai
bəyanatınızla əlaqədar sizə müraciət edirəm”, – deyə Kirlikovalı
yazıb.
Onun sözlərinə görə, əsərləri maliyyə riskləri, sistem
zəiflikləri və yanlış təsəvvürlərin təhlilinə həsr olunan Taleb
Vardanyanın fəaliyyətini qiymətləndirərkən də eyni analitik
yanaşmanı tətbiq etməlidir.
Kirlikovalı bildirib ki, onun fikrincə, Vardanyanın xeyriyyəçi
obrazı maliyyə və siyasi fəaliyyəti ilə bağlı irəli sürülən
ittihamlar və qiymətləndirmələrlə birlikdə nəzərdən keçirilməlidir.
O, xüsusilə “Troika Dialog” bankı və “Troika Laundromat”
adlandırılan sxemlə bağlı araşdırmaları xatırladaraq, bu şəbəkənin
mürəkkəb ofşor maliyyə mexanizmləri ilə əlaqəli olduğunu iddia
edib.
Tədqiqatçı məktubunda Vardanyanla bağlı beynəlxalq
məhdudiyyətlərə və qiymətləndirmələrə də toxunaraq, onun
fəaliyyətinin daha geniş geosiyasi nəticələr doğurduğunu bildirib.
O, Vardanyanın 2022-ci ildə Qarabağa gəlişindən sonra bölgədə baş
verən hadisələrdə rolunu və sonradan həbs olunmasını qeyd edib.
Vardanyan 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsinin hökmü
ilə terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz silahlı
birləşmələrin yaradılması da daxil olmaqla bir sıra ittihamlar üzrə
20 il müddətinə azadlıqdan məhrum edilib. Vardanyan isə ona qarşı
irəli sürülən ittihamları rədd edir.
Kirlikovalı məktubunda Qarabağ münaqişəsinin Azərbaycan əhalisi
üçün doğurduğu nəticələrə kifayət qədər diqqət yetirilməməsini də
tənqid edib. O, münaqişə zamanı azərbaycanlıların məcburi köçkün
düşməsini və Xocalı faciəsini xatırladaraq, davamlı sülhə nail
olmaq üçün məsuliyyət və qanunun aliliyinə riayət olunmasının
vacibliyini vurğulayıb.
“Həqiqi humanizm əzabları hesabına fayda əldə edən nüfuzlu
maliyyəçilərin deyil, məcburi köçün və təcavüzün qurbanlarının
yanında olmağı tələb edir”, – deyə Kirlikovalı yazıb.
O, Talebi ictimai mövqeyinə yenidən baxmağa və məktub
müəllifinin qeyd etdiyi kimi, Vardanyanın fəaliyyəti və ictimai
imicinə tənqidi-analitik yanaşma tətbiq etməyə çağırıb.

