ADY dəmir yolunun təhlükəsizlik zonasında görüləcək tədbirləri açıqlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

ADY dəmir yolunun təhlükəsizlik zonasında görüləcək tədbirləri
açıqlayıb.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat xidməti
məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin Kollegiyası “Dəmir yolunun təhlükəsizlik
zonasının müvəqqəti istismar Qaydaları”nı təsdiq edib:

“Bu Qaydalar “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün
Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planı”nda
nəzərdə tutulan Bakı – Xırdalan – Sumqayıt və Bakı – Pirşağı –
Sumqayıt dəmiryol xətlərinin təkmilləşdirilməsini, Bakıxanov–Binə –
Qala, Zabrat – Maştağa – Bağlar, Yeni Suraxanı – Hövsan və Güzdək –
Qaradağ dəmiryol xətlərinin bərpası üzrə layihələrin icrasını təmin
etmək məqsədilə dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti
istismar qaydalarını əhatə edir”.

Bildirilib ki, qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik
zonası dəmiryol xətlərinin oxlarının soluna və sağına xətt boyu 11
metr məsafədə xüsusi istifadə rejimi olan torpaq sahələrinə aid
edilir.




Qeyd edilib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən
təhlükəsizlik zonası daxilində müvafiq dəmiryol xəttinin oxunun
soluna və sağına xətt boyu 9 metr məsafədə yerləşən, hündürlüyü yer
səthindən 2,20 metrdən çox olmayan qoruyucu çəpərlər və ya torlar
quraşdırılacaq, həmçinin təhlükəsizlik zonasından insanların,
nəqliyyat vasitələrinin və heyvanların təhlükəsiz keçməsi üçün
avtomobil yolları ilə (küçələrlə) kəsişmələrdə dəmir yolu üzrə
qatarların hərəkət tezlikləri və avtomobillərin hərəkət
intensivlikləri nəzərə alınmaqla müxtəlif səviyyəli və yaxud
qorunan xüsusi keçid yerləri təşkil ediləcək.

Eyni zamanda qeyd edilib ki, təhlükəsizlik zonasının
mühafizəsini təşkil etmək üçün təhlükəsizlik zonası videomüşahidə
vasitələri ilə təchiz ediləcək və 24/7 rejimində müşahidəsi həyata
keçiriləcək.

Qaydalara əsasən, təhlükəsizlik zonasında digər təyinatlı
qurğuların, bina və tikililərin yerləşdirilməsinə və tikilməsinə
yol verilmir.

Qeyd edilib ki, sərnişinlərin, eləcə də dəmir yolu
infrastrukturu ətrafında yaşayan yüz minlərlə insanın
təhlükəsizliyinə xüsusi önəm verən ADY son illərdə dəmiryol
infrastrukturunun modernləşdirilməsi və hərəkətin təhlükəsizliyinin
artırılması istiqamətində genişmiqyaslı işlər aparılır. Bu məqsədlə
mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində
görüşlər keçirilir, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi
və yol nişanlarının yenilənməsi istiqamətində işlər davam
etdirilir, həmçinin Abşeron dairəvi dəmir yolu marşrutu və Kürdəmir
sahəsində 100 min metr uzunluğunda çəpərləmələr (dəmir torlar)
həyata keçirilib.