UNEC tələbəsi ABŞ-da “Microsoft World Championship”də dünyanın 6-cısı oldu!

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında keçirilən “Microsoft World
Championship” dünya finalında Azərbaycan ilk dəfə təmsil olunub.
Yarışda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbəsi
Hüseyn Şükürov Microsoft istiqaməti üzrə dünyanın ən güclü
iştirakçıları arasında 6-cı yeri tutaraq ölkəmiz üçün tarixi
nailiyyətə imza atıb!

Dünyanın 42 ölkəsindən 310-dan çox gəncin qatıldığı nüfuzlu
çempionatda Azərbaycan iştirakçıları ilk dəfə mübarizə aparmalarına
baxmayaraq yüksək nəticə göstərərək Top-10 siyahısına daxil
olublar. Bakı Ali Neft Məktəbinin tələbəsi Nəzrin Miriyeva isə
yarışda 9-cu yeri tutub.




Nəticələri dəyərləndirən Hüseyn Şükürov ilk iştirakda 6-cı yerə
layiq görülməsini beynəlxalq təcrübə qazanmaq və peşəkar inkişaf
baxımından mühüm uğur kimi qiymətləndirib.
Qeyd edək ki, çempionata vəsiqə uğrunda keçirilən milli seçim
mərhələsində 500-dən çox gənc iştirak edib. Hazırlıq prosesinin
sonunda 50 iştirakçı beynəlxalq sertifikat əldə edib, ən yüksək
nəticə göstərən 6 nəfər isə ABŞ-də təşkil olunan dünya finalında
Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Layihə dövlət və özəl sektorun tərəfdaşlığı çərçivəsində həyata
keçirilib. Microsoft istiqaməti üzrə layihəyə Gənclər və İdman
Nazirliyi, PAŞA Bank və ASAN İnnovativ İnkişaf Mərkəzi, Adobe
istiqaməti üzrə isə Mədəniyyət Nazirliyi və Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi dəstək göstərib.