Mərkəzi Bank maliyyə sektoru üçün etik və peşəkar davranış kodeksini təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Maliyyə sektorunda etik
və peşəkar davranış Kodeksi” qəbul edilib.

Tənzimləyici qurumun məlumatına əsasən, kodeks “2024–2026-cı
illər üçün Maliyyə sektorunun inkişafı strategiyası” çərçivəsində
maliyyə sektorunda peşəkarlığın artırılması və etik davranış
standartlarının vahidləşdirilməsi məqsədilə hazırlanıb.

Bildirilib ki, kodeks maliyyə sektoru üzrə çalışan bütün
peşəkarlar üçün vahid davranış çərçivəsi formalaşdıraraq etik
prinsiplərə əməl edilməsində etibarlı istinad mənbəyi yaradır. Qeyd
edilib ki, sənəd nəzarət subyektləri tərəfindən mövcud daxili
kodekslərin təkmilləşdirilməsi, eyni zamanda yeni daxili
kodekslərin yaradılması üçün institusional dəstək rolunu
oynayır.

“Sənəddə 8 etik prinsip, 6 peşəkar davranış qaydası və onların
tətbiqinin təmin edilməsi mexanizmi əks olunub. Kodeks peşəkarların
müştərilərə, maliyyə sektoru və institutlarına, digər peşəkarlara,
qanunvericiliyə, cəmiyyətə və ətraf mühitə qarşı davranış
standartlarını müəyyənləşdirir və çoxşaxəli peşəkar məsuliyyət
anlayışını gücləndirir.




Bu təşəbbüs maliyyə sektorunda vahid etik və peşəkar davranış
standartlarının formalaşmasına, peşəkarların inkişafı üçün münbit
və dayanıqlı mühitin qorunmasına, maliyyə sektorunun davamlı
inkişafı və sabitliyinin təmininə, həmçinin istehlakçıların maliyyə
sektoruna olan etimadının artırılmasına xidmət edir”, – məlumatda
qeyd edilib.

Kodeksi nəzərdən keçirmək üçün bu linkə daxil ola
bilərsiniz:


https://uploads.cbar.az/assets/0692a776092ea3c7fd56e945a.pdf