
Bakı. Trend:
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın
sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət
Planı”nın icrası çərçivəsində avtonom nəqliyyat vasitələrinin
tətbiqini təmin edəcək hüquqi mexanizmlərin formalaşdırılması
məqsədilə qanunvericiliyə dəyişikliklər olunub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, sənəd yerüstü nəqliyyat növlərində avtonom
texnologiyaların tətbiqi üçün normativ-hüquqi və institusional
əsasların yaradılmasını nəzərdə tutur. İlk dəfə olaraq “avtonom
nəqliyyat vasitəsi”, “operator” və “məsafədən idarəetmə mərkəzi”
anlayışları qanunvericilikdə təsbit edilib, həmçinin yüksək və tam
avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilib.
Yəni bu dəyişikliklər:
- xüsusi marşrutlar üzrə hərəkət edən sürücüsüz
avtobusların; - sürücüsüz metro qatarlarının;
- logistika mərkəzləri və sənaye zonalarında fəaliyyət göstərən
avtonom yük nəqliyyat vasitələrinin; - uzaqdan idarə olunan tramvay və dəmir yolu sistemlərinin
qanuni əsaslarla istismarına imkan yaradacaq.
Avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından
keçdikdən və səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə
istismara buraxıldıqdan sonra fəaliyyət göstərə biləcək. Məsələn,
ilkin mərhələdə sürücüsüz avtobusların müəyyən edilmiş xüsusi
zolaqlarda və ya məhdud marşrutlarda sınaq və istismarı mümkün
olacaq.
İstismar prosesinə nəzarəti xüsusi şəhadətnamə əsasında
fəaliyyət göstərən operatorlar həyata keçirəcək. Bu isə o deməkdir
ki, nəqliyyat vasitəsində sürücü olmasa belə, məsafədən idarəetmə
mərkəzində operator sistemin fəaliyyətini izləyəcək və zərurət
yarandıqda müdaxilə edə biləcək.
Qanun layihəsinə əsasən:
- avtonom nəqliyyat vasitələrinin tənzimləyici test mühitində
sınaqdan keçirilməsi; - məsafədən idarəetmə mərkəzlərinin yaradılması;
- məlumatların real vaxt rejimində dövlət informasiya
sistemlərinə ötürülməsi; - məlumatların ən azı 6 ay müddətində saxlanılması təmin
olunmalıdır.
Layihənin diqqətçəkən yeniliklərindən biri də avtonom nəqliyyat
vasitələrinin digərlərindən fərqləndirilməsi məqsədilə xüsusi
“Avtonom nəqliyyat vasitəsi” tanınma nişanının tətbiqidir.
Məlumat üçün bildiririk ki, bu texnologiyalar artıq dünyanın
müxtəlif ərazilərində tətbiq olunur. Məsələn, avtonom avtobuslar və
taksilər Çin, BƏƏ və ABŞ-də sınaq və istismar mərhələsindədir.
Beləliklə, təklif olunan dəyişikliklər Azərbaycanda gələcəyin
nəqliyyat həllərinin – sürücüsüz avtobusların, avtonom metro və
dəmir yolu sistemlərinin tətbiqi üçün hüquqi zəmin yaradır. Bu isə
nəqliyyatın daha təhlükəsiz, səmərəli və texnoloji əsaslarla idarə
olunmasına xidmət edəcək.

