Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunda dövlət və özəl bankların payı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit
qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 33,881 milyard
manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik
bülletenində bildirilib.

Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkə
iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 973
milyon manat və ya 3%, 2025-ci ilin iyulun 1-nə nisbətən isə 3,6
milyard manat və ya 12,1% artıb.

Hesabat dövründə kredit qoyuluşunun 8,430 milyard manatı dövlət
banklarının payına düşüb ki, bu da aylıq müqayisədə 187,9 milyon
manat və ya 2,3%, illik müqayisədə isə 981,1 milyon manat və ya
13,2% artım deməkdir.

Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 23,391
milyard manatı özəl bankların payına düşüb. Bu isə bir ay əvvələ
olan göstərici ilə müqayisədə 747,6 milyon manat və ya 3,3%, ötən
illin iyulun 1-nə olan göstəriciyə nisbətən isə 2,4 milyard manat
və ya 11,3% çoxdur.

Bundan başqa, bu ilin iyulun 1-nə ölkə iqtisadiyyatına kredit
qoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 2,060
milyard manat olub ki, bu da aylıq müqayisədə 37,2 milyon manat və
ya 1,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 300,1 milyon manat
və ya 17% çoxdur.

Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kredit
qoyuluşu ümumi kredit qoyuluşunun 24,9%-ni, özəl banklar tərəfindən
kredit qoyuluşu ümumi kredit qoyuluşunun 69%-ni, bank olmayan
kredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kredit
qoyuluşunun 6,1%-ni təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun
sözlərinə görə, kredit aktivliyinin artımı fonunda Mərkəzi Bank
ölkə iqtisadiyyatı üzrə artım proqnozlarını yeniləyib.




“2026-cı ildə iqtisadi artımın 0,5 faiz, qeyri-neft-qaz sektoru
üzrə ÜDM artımının isə 2,4 faiz olacağını proqnozlaşdırırıq.
2027-ci ildə isə iqtisadi artımın 2,6 faiz, qeyri-neft-qaz sektoru
üzrə artımın isə 3,9 faiz təşkil edəcəyini gözləyirik”, – deyə AMB
sədri bildirib.

T.Kazımov qeyd edib ki, əvvəlki proqnozlarla müqayisədə iqtisadi
artım gözləntilərinə yenidən baxılıb. Belə ki, AMB-nin əvvəlki
proqnozunda 2026-cı il üzrə ümumi daxili məhsulun (ÜDM) 1,1 faiz,
qeyri-neft-qaz sektoru üzrə isə 3,2 faiz artacağı gözlənilirdi.
2027-ci il üzrə proqnozlar isə müvafiq olaraq 3,2 faiz və 4,7 faiz
səviyyəsində idi.

AMB sədri vurğulayıb ki, qlobal iqtisadi proseslərə baxmayaraq,
Mərkəzi Bankın mövcud monetar siyasət kursunu dəyişməsinə ehtiyac
yoxdur.

“Mərkəzi Bankın monetar siyasət çərçivəsində müxtəlif ssenarilər
üzrə fəaliyyət planları mövcuddur və dəyişən iqtisadi şəraitə uyğun
operativ reaksiya vermək imkanımız var. Hazırda “B planı”na keçidi
zəruri edən hər hansı əsas yoxdur və buna görə də belə bir ssenari
müzakirə edilmir”, – deyə o bildirib.

Onun sözlərinə görə, mövcud makroiqtisadi göstəricilər seçilmiş
siyasətin davam etdirilməsi üçün kifayət qədər əsas yaradır.

“Makroiqtisadi şərait və mövcud tənzimləyici göstəricilər
hazırkı siyasət kursunun davam etdirilməsi üçün əsas verir. Bu
səbəbdən də hazırda seçdiyimiz strategiyanı həyata keçirməyə davam
edirik”, – deyə T.Kazımov qeyd edib.

AMB sədri əlavə edib ki, bütün mərkəzi banklar mümkün risklərə
qarşı alternativ fəaliyyət planları hazırlayır.

“Uğurlu monetar siyasətin əsas şərtlərindən biri yaranan
vəziyyətə uyğun ən düzgün qərarı vaxtında qəbul etməkdir. Hesab
edirik ki, hazırda həyata keçirdiyimiz monetar siyasət orta və
uzunmüddətli perspektivdə iqtisadiyyatın qarşılaşa biləcəyi
potensial çağırışlara adekvat cavab verəcək”, – deyə o
vurğulayıb.