
Bakı. Trend:
İran hökuməti 2018-ci ildə 5 sahilyanı ölkə arasında imzalanan
Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın İran
parlamentində ratifikasiya olunmasına çalışır.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl
Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
“2018-ci ildən bəri bu konvensiya hüquqi, siyasi və başqa
cəhətlərdən dəqiq şəkildə araşdırılıb. 22 iyul 2026-cı il tarixində
bu konvensiya Nazirlər Kabinetində təsdiqlənib və sonra parlamentə
göndərilib”, – deyə o bildirib.
Bəqai qeyd edib ki, İran önəmli beynəlxalq sənədə qoşulmaq
istəyirsə, onun həm hüquqi, həm siyasi, həm təhlükəsiz cəhətlərini
diqqətlə araşdırmalıdır.
“İran parlamentdə sənədin ratifikasiya olunmasının həm Xəzəryanı
ölkələr arasında əməkdaşlığa, həm də Xəzərdən kənar oyunçuların bu
su hövzəsindən sui-istifadə etməsinin qarşısının alınmasına şərait
yaradacağını düşünür”, -deyə o qeyd edib.
Nazirlik rəsmisi əlavə edib ki, bu konvensiyada regiondan kənar
ölkələrin hər hansı hərbi iştirakı qadağan olunub. Bu konvensiyada
dəniz sərhədlərinin təyin olunması, başlanğıc xəttinin
müəyyənləşməsi qeyd olunmayıb. Başlanğıc xəttinin müəyyənləşməsi
haqda başqa bir çərçivədə danışıqlar aparılmalıdır.
“Ümumilikdə İran tərəfindən bu konvensiyanın ratifikasiya
olunması ilə icrası zəruri olacaq. Çünki konvensiyanın icra
olunması üçün hər beş sahilyanı ölkə onu ratifikasiya etməlidir. Bu
isə 5 sahilyanı üzv ölkə arasında əməkdaşlıq və etimadın
möhkəmlənməsinə uyğun şərait yaradacaq”, – deyə o qeyd edib.
Əlavə edək ki, Xəzər dənizinin uzunluğu təxminən 1,2 min km,
maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Dənizin sahil
xəttinin uzunluğu təxminən 6,38 min km-dir. Dənizin ətrafında 5
sahilyanı ölkə – Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan və
Rusiya yerləşir.
2018-ci il 12 avqustda Qazaxıstanın Aktau şəhərində Xəzəryanı
ölkələrin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan)
5-ci sammitində ölkə başçıları tərəfindən Xəzər dənizinin hüquqi
statustu haqqında konvensiya imzalanıb. Konvensiya 4 ölkənin
parlamentində ratifikasiya olunsa da, indiyədək İran parlamentində
ratifikasiya olunmayıb.
Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyada ölkələrin payı
ölkələr arasında ikitərəfli razılaşma çərçivəsində həll olunması
nəzərdə tutulub.

