
Bakı. Trend:
Perunun paytaxtı Lima şəhərində ölkənin yeni seçilmiş Prezidenti
Keyko Fuximorinin andiçmə mərasimi keçirilib.
Dünyanın yüzə yaxın ölkəsindən yüksəksəviyyəli nümayəndə
heyətlərinin qatıldığı rəsmi tədbirdə Azərbaycan Respublikasını
ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı, eyni zamanda, Peru
Respublikasında akkreditə olunmuş səfiri Seymur Fətəliyev təmsil
edib.
Andiçmə mərasimi çərçivəsində əvvəlcə Limanın Mərkəzi
Bazilikasında təntənəli dini ayin təşkil olunub. Daha sonra Peru
Konqresində keçirilən rəsmi mərasimdə Prezident Keyko Fuximori
Konstitusiyaya sadiqlik andı içərək, vəzifəsinin icrasına başlayıb.
Yeni Prezident çıxışı zamanı ölkənin qarşıdakı inkişaf
prioritetləri və hökumətin fəaliyyət istiqamətləri barədə
fikirlərini bölüşüb.
Rəsmi mərasimdən sonra Peru Prezidenti Hökumət Sarayında andiçmə
mərasimində iştirak edən xarici dövlət və hökumət nümayəndə
heyətlərinin rəhbərlərini qəbul edib.
Qəbul zamanı Azərbaycan Respublikasının səfiri Seymur Fətəliyev
Prezident İlham Əliyevin Peru Prezidenti Keyko Fuximoriyə
ünvanladığı səmimi təbrikləri və xoş arzularını çatdırıb. Səfir,
həmçinin Azərbaycan ilə Peru arasında dostluq münasibətlərinin və
qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də uğurla inkişaf
edəcəyinə əminliyini söyləyib.
Prezident Keyko Fuximori göstərilən diqqətə görə minnətdarlığını
bildirərək, səmimi salamlarını və ən xoş arzularını Azərbaycan
Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Andiçmə mərasimində keçirilən görüşlər Azərbaycan ilə Peru
arasında siyasi dialoqun və ikitərəfli əməkdaşlığın inkişafına
verilən qarşılıqlı önəmin daha bir göstəricisi kimi
qiymətləndirilir.

