Tbilisidə terrorizmdə ittiham olunan müxalif siyasətçiyə 13 il həbs cəzası verilib

Baş səhifə

Tbilisidə terror aktı törətməyə cəhddə ittiham olunan müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili 13 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Siyasətçi son sözlə çıxışında hökumət rəsmilərinin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə hakimin göstərişi ilə məhkəmə zalından çıxarılıb.

Qeyd edək ki, Aleko Elisaşvili ötən ilin noyabrın 29-da saxlanılıb. O, Tbilisi Şəhər Məhkəməsinin binasına qanunsuz daxil olaraq dəftərxanada olan əşyaların və sənədlərin üzərinə benzin tökərək yanğın törətməyə cəhd edib. Müxalifətçi onu dayandırmağa çalışan məhkəmə icraçılarına üzərində olan odlu silahla müqavimət göstərib.

Siyasətçiyə qarşı ağır nəticələrə səbəb olan terror aktının törədilməsinə cəhd ittihamı irəli sürülüb. Bu cinayət əməli 10 ildən 15 ilədək həbslə cəzalandırılır.