
Bakı. Trend:
Azərbaycan “Gəmilərin ballast sularının və çöküntülərinin idarə
edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulacaq.
Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin
bugünkü iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanun layihəsi ilə “Gəmilərin ballast sularının
və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” 2004-cü il 13
fevral tarixli Beynəlxalq Konvensiyanın təsdiq edilməsi nəzərdə
tutulur. Ballast suları gəminin tarazlığını və təhlükəsiz
hərəkətini təmin etmək məqsədilə xüsusi çənlərdə daşınan sudur. Bu
sular vasitəsilə müxtəlif su orqanizmləri və patogenlər bir dəniz
mühitindən digərinə keçərək ekoloji tarazlığın pozulmasına,
biomüxtəlifliyə, balıqçılıq təsərrüfatına və insan sağlamlığına
mənfi təsir göstərə bilər. Konvensiyanın əsas məqsədi belə halların
qarşısının alınması və dəniz mühitinin qorunmasıdır.
Konvensiya ballast sularının idarə olunması sahəsində vahid
beynəlxalq hüquqi çərçivə müəyyən edir. Sənədə əsasən,
Konvensiyanın tətbiq dairəsinə daxil olan gəmilər ballast sularının
idarə olunması planına malik olmalı, ballast suları ilə bağlı
aparılan bütün əməliyyatların uçotunu xüsusi kitabda qeyd etməli,
beynəlxalq sertifikat almalı və müəyyən edilmiş qaydada mütəmadi
yoxlamalardan keçməlidirlər. Ballast sularının idarə olunması
beynəlxalq standartlara uyğun həyata keçirilməli, bu məqsədlə
ballast sularının mübadiləsi və ya təsdiq edilmiş emal
sistemlərindən istifadə edilməlidir.
Konvensiyada dövlətlərin bu sahədə əməkdaşlığı, məlumat
mübadiləsi, gəmilərə nəzarət və yoxlama mexanizmləri, habelə
Konvensiyanın tətbiqi ilə bağlı ümumi hüquqi prosedurlar müəyyən
edilir. Eyni zamanda, insanların həyatının xilas edilməsi və ya
gəminin təhlükəsizliyinin təmin olunması kimi hallarda ballast
sularının axıdılmasına dair istisnalar da nəzərdə tutulur.
Konvensiya 22 maddədən və əlavələrdən ibarətdir. Bu əlavələrdə
ballast sularının idarə olunmasına dair texniki tələblər,
beynəlxalq standartlar və sertifikatlaşdırma qaydaları, o cümlədən
Ballast Suları Uçot Kitabının forması müəyyən edilmişdir.
Konvensiyanın təsdiqi Azərbaycan Respublikasında ballast
sularının idarə olunmasının beynəlxalq standartlara uyğun
təşkilinə, dəniz ekosisteminin mühafizəsinin gücləndirilməsinə və
ölkənin beynəlxalq dəniz hüququndan irəli gələn öhdəliklərinin
icrasına xidmət edəcəkdir.
“Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və
nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında qanun
layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir
oxunuşda qəbul edilib.

