BP-nin dəstəyi ilə Muzey Mərkəzində müasir sərgi məkanı istifadəyə verildi

Baş səhifə

Bakıda yerləşən Azərbaycan Dövlət Muzey Mərkəzində “Azərbaycan Təsviri Sənətinin İnciləri. Qızıl Kolleksiya” sərgisinin açılışı keçirilib. Azərbaycan Dövlət Rəsm Qalereyası və BP şirkətinin əməkdaşlığı ilə təşkil olunan sərgi ölkənin zəngin təsviri sənət irsini yeni, müasir ekspozisiya şəraitində ictimaiyyətə təqdim edir.

Metbuat.az xəbər verir ki, tədbirdə bildirilib ki, BP özünün “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ONGC Videsh, Eni, MVM, TotalEnergies və ITOCHU adından Azərbaycanın zəngin mədəni irsinin qorunması və təbliğinə yönəlmiş növbəti sosial sərmayə layihəsini uğurla başa çatdırıb.

Layihə çərçivəsində Azərbaycan Dövlət Muzey Mərkəzinin son mərtəbəsində yerləşən 385 kvadratmetrlik sərgi salonu əsaslı şəkildə təmir olunaraq tamamilə yenilənib və müasir muzey standartlarına uyğun qalereyaya çevrilib.

Modernizasiya işləri beş sərgi zalını əhatə edib. Burada beynəlxalq standartlara cavab verən işıqlandırma, iqlimə nəzarət və təhlükəsizlik sistemləri quraşdırılıb, ekspozisiya üçün 150-dən çox peşəkar çərçivə, 10 pyedestal və digər xüsusi sərgi avadanlıqları təmin olunub. Bununla yanaşı, proyeksiya və səs sistemləri, media-server və proyeksiya xəritələndirmə proqramı kimi multimedia imkanları yaradılıb, ziyarətçilər üçün maarifləndirici qısa videolar hazırlanıb.

Yenilənmiş sərgi məkanı əvvəllər daimi ekspozisiyada nümayiş etdirilməyən ən azı 150 sənət əsərinin sərgilənməsinə imkan yaradır. Burada Azərbaycan Dövlət Rəsm Qalereyasının 12 mindən artıq əsərdən ibarət zəngin kolleksiyasından seçilmiş nümunələr, o cümlədən Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Nadir Əbdürrəhmanov və Ömər Eldarov kimi görkəmli sənətkarların nadir əsərləri nümayiş olunur.

Açılış mərasimində çıxış edən BP-nin Xəzər bölgəsi üzrə xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkət uzun illərdir Azərbaycanın sosial inkişafına töhfə verməyə çalışır.

Onun sözlərinə görə, BP-nin əsas sosial layihələri uzun müddət təhsil sahəsini əhatə etsə də, son illərdə mədəniyyət istiqaməti də prioritetlər sırasına daxil edilib.

“Uzun illər ərzində həyata keçirdiyimiz əsas layihələr təhsil sahəsini əhatə edib. Son iki ildə isə mədəniyyət istiqamətində də bir sıra mühüm layihələr reallaşdırmışıq. Ölkənizin zəngin mədəni irsinin qorunması və tanıdılması məqsədilə beş zalın müasir texnologiyalar əsasında yenidən qurulması layihəsini həyata keçiririk. Bu zallarda təxminən 100 rəsm əsərinin nümayişi nəzərdə tutulur. Mədəni irslə bağlı bu layihəmizə göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə dərin təşəkkürümü bildirirəm”.

Bəxtiyar Aslanbəyli əlavə edib ki, Azərbaycanın zəngin mədəni irsinin qorunmasına yönəlmiş təşəbbüslərə dəstək göstərmək BP üçün xüsusi əhəmiyyət daşıyır.

“Bu layihə Muzey Mərkəzinin sərgi imkanlarını genişləndirir, müasir sərgi texnologiyalarının tətbiqi sayəsində Azərbaycanın təsviri sənət irsinin gələcək nəsillər üçün qorunmasını təmin etməklə yanaşı, onun geniş ictimaiyyət üçün əlçatanlığını da əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda bu təşəbbüs Azərbaycanın təsviri sənət ənənələrinin yaşadılması, öyrənilməsi və beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.”

Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə qeyd edib ki, Muzey Mərkəzində həyata keçirilən yenidənqurma layihəsi milli təsviri sənət irsinin qorunmasına xidmət edir.

Onun sözlərinə görə, sərgi zalları əsaslı şəkildə yenilənib, ekspozisiya innovativ texnologiyalar əsasında qurulub və burada Azərbaycan təsviri sənət tarixinin görkəmli ustalarının 80-ə yaxın heykəltəraşlıq əsəri nümayiş etdirilir.

“Bu nümunələr milli təsviri sənətimizin müxtəlif dövrlərini və inkişaf mərhələlərini əks etdirərək zəngin bədii irsimizi ziyarətçilərə təqdim edir.”

Qeyd edilib ki, yenilənmiş zallar yalnız sərgi məkanı kimi deyil, həm də tədris, elmi-tədqiqat və mədəniyyət sahəsində bilik və təcrübə mübadiləsi platforması kimi fəaliyyət göstərəcək. Bu yanaşma ziyarətçilərə Azərbaycanın təsviri sənət xəzinəsini müasir texnologiyalar vasitəsilə daha interaktiv şəkildə kəşf etmək imkanı yaradacaq.

Ümumi dəyəri 420 min manat (247 min ABŞ dolları) olan layihə “Greentech Solutions” MMC tərəfindən həyata keçirilib.

Sərgi sentyabrın 15-dək davam edəcək. Ziyarətçilər bu müddət ərzində Azərbaycanın müxtəlif dövrlərini əhatə edən qiymətli rəngkarlıq və heykəltəraşlıq nümunələri ilə tanış olmaq, milli incəsənətimizin estetik və tarixi dəyərini yaxından hiss etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, BP Azərbaycanda artıq 34 ildir neft və qaz layihələrinin operatoru kimi fəaliyyət göstərir. Şirkət və tərəfdaşları bu dövr ərzində ölkədə həyata keçirilən layihələrə 89 milyard ABŞ dollarından çox investisiya yatırıb. Eyni zamanda, təhsil, yerli potensialın inkişafı, sahibkarlıq, ekologiya, idman və mədəni irs sahələrini əhatə edən sosial sərmayə proqramlarına ümumilikdə 115 milyon ABŞ dollarından artıq vəsait yönəldilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.