Prezident İlham Əliyev Donald Trampı təbrik edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika
Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub
ünvanlayıb.

Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc
edilib
. Məktubda qeyd olunub:

“Hörmətli cənab Prezident,

Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin
250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika
xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən
təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq
duyuram.

Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın
rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il
əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş
Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil,
bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr
ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal
arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin
əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin
əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə
liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin
yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki
ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini
yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə
daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı
bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi
keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq
Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi
ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt
və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf
etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı
inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də
son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ
Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün
nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət
yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və
ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və
rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya
ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını
təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun
reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd
etmək istərdim.

Hörmətli cənab Prezident,

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala
malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi
əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan
tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası
münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha
da dərinləşməsinə nail olacağıq.

Bu şanlı yubiley günündə bir daha Sizə ən səmimi təbriklərimi
çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti
fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Amerika
Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq, firavanlıq və
rifah arzulayıram”.