Azərbaycan sığorta bazarı sahəsində yeni islahatlar hazırlanır – Abbas Miskərli (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu
Azərbaycanın sığorta bazarının inkişafına mühüm töhfə verəcək.

Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı
direktoru Abbas Miskərli XI Azərbaycan Beynəlxalq Sığorta Forumu
çərçivəsində Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, forumda 20-dən çox ölkədən tanınmış sığorta
mütəxəssislərinin iştirakı yerli bazarın beynəlxalq təcrübədən
yararlanması üçün geniş imkanlar yaradır.

“Bu gün burada 20-dən çox ölkənin sığorta sahəsində tanınmış
mütəxəssisləri iştirak edir. Onların əksəriyyəti daha inkişaf etmiş
sığorta bazarlarını təmsil edirlər və təbii olaraq həmin bazarların
təcrübəsindən öyrənəcəyimiz çox məqam var. Azərbaycanın müstəqillik
tarixini və bazarın inkişaf mərhələsini nəzərə alsaq, bu, tamamilə
normaldır”, – deyə o bildirib.

A.Miskərli qeyd edib ki, forum yalnız Azərbaycanın beynəlxalq
təcrübədən faydalanmasına deyil, eyni zamanda ölkənin sığorta
sahəsində əldə etdiyi nailiyyətlərin digər dövlətlərlə
paylaşılmasına da imkan yaradır.

“Burada iqtisadiyyatı və sığorta bazarı daha zəif inkişaf etmiş
ölkələrin nümayəndələri də iştirak edirlər. Onlar da Azərbaycan
təcrübəsini öyrənirlər. Məsələn, icbari avtomobil sığortasının
rəqəmsallaşdırılması sahəsində əldə etdiyimiz nəticələr bir çox
ölkələr üçün maraq doğurur. Bəzi dövlətlərdə bu istiqamətdə
proseslər hələ tam formalaşmayıb və onlar bizim təcrübəmizdən
yararlanırlar”, – deyə o vurğulayıb.

İcraçı direktor əlavə edib ki, Azərbaycanın sığorta
qanunvericiliyində aparılan davamlı yeniliklər də xarici
tərəfdaşların marağına səbəb olur.




“Mərkəzi Bank sığorta sektorunun inkişafı istiqamətində ardıcıl
iş aparır. Qanunvericilikdə edilən dəyişikliklər, qarşılaşdığımız
problemlər və onların həlli yolları digər ölkələr üçün də faydalı
təcrübə rolunu oynayır”, – deyə A.Miskərli bildirib.

O, həmçinin yaxın dövrdə sığorta sektorunda bir sıra mühüm
yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

“Forum çərçivəsində səsləndirilən çıxışlarda da qeyd olunduğu
kimi, sığorta qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi
nəzərdə tutulur. Bu dəyişikliklərin bir hissəsi sığorta
vasitəçilərinin fəaliyyətini əhatə edəcək”, – deyə o qeyd edib.

A.Miskərlinin sözlərinə görə, fiziki şəxslər üçün icbari əmlak
sığortasının təkmilləşdirilməsi istiqamətində də işlər
aparılır.

“İcbari əmlak sığortasının modernləşdirilməsi nəzərdə tutulur.
Məqsəd vətəndaşların xüsusilə katastrofik risklərdən daha etibarlı
şəkildə qorunmasını təmin etməkdir. Mövcud yanaşmaya əsasən, bu
yeniliklərin sığorta haqlarının artmasına səbəb olmayacağı və əhali
üçün əlavə maliyyə yükü yaratmayacağı gözlənilir. Əksinə,
vətəndaşlar daha geniş sığorta təminatı əldə edəcəklər”, – deyə o
bildirib.

İcraçı direktor vurğulayıb ki, Mərkəzi Bank tərəfindən sığorta
bazarının peşəkar iştirakçılarına yeni tələblərin tətbiqi də
planlaşdırılır.

“Bir sıra peşələr üzrə attestasiya mexanizmlərinin tətbiqi
nəzərdə tutulur. Bu proses nəticəsində sığorta şirkətlərinin
əməkdaşları, agentlər və brokerlər daha yüksək peşəkarlıq
səviyyəsinə malik olacaqlar. Bu da öz növbəsində həm sektorun
inkişafına, həm də vətəndaşlara göstərilən xidmətlərin
keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək”, – deyə
A.Miskərli əlavə edib.