“Any Unboxing” dələduzluq piramidası ifşa edildi (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş
İdarəsi (KMBİ) “Ponzi” sxemi əsasında fəaliyyət göstərən “Any
Unboxing” adlı onlayn maliyyə dələduzluq piramidasına qarşı
əməliyyat keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.

Bildirilib ki, son aylarda “Any Unboxing” platforması vasitəsilə
vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı KMBİ-yə
çoxsaylı müraciətlər daxil olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, piramidanı təşkil və
idarə edən şəxslər onlayn qruplar vasitəsilə vətəndaşları sxemə
cəlb edərək onlara müxtəlif məbləğlər müqabilində virtual qutular
satıblar. İştirakçılara həmin qutuları hər gün açmaqla gəlir əldə
edəcəkləri vəd edilsə də, qazanc kimi göstərilən vəsaitlər yalnız
tətbiq daxilində yaradılmış profil hesablarında əks olunub. Bu
vəsaitlərin heç bir iqtisadi əsası olmadığından onların
nağdlaşdırılması mümkün olmayıb.

Bundan başqa, platformaya yeni üzvlər cəlb edən şəxslərə
müxtəlif bonuslar vəd olunub. Bu üsulla 300-dən çox vətəndaş
piramidaya cəlb edilib və onların hər birinə müxtəlif məbləğlərdə
maddi ziyan dəyib.




Əməliyyat-texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə
ərazisində Malayziya vətəndaşları Lee Kai Fatt və Ravi Sivadass
tərəfindən təşkil edilib. Qanunsuz fəaliyyətin daha geniş yayılması
və yeni iştirakçıların cəlb olunması isə Arzu Musayeva və Səbuhi
Məmmədov tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı Ravi Sivadass, Arzu Musayeva və Səbuhi Məmmədov
saxlanılıb. Lee Kai Fattın saxlanılması istiqamətində beynəlxalq
axtarış elan edilib.

İlkin araşdırmalarla zərərçəkənlərə ümumilikdə 2,5 milyon manata
yaxın maddi ziyanın dəydiyi müəyyən edilib. İstintaq zamanı
zərərçəkənlərin sayının və onlara dəymiş ziyanın məbləğinin
artacağı istisna olunmur.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət
işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində
istintaqa cəlb olunublar.

Araşdırmalar davam etdirilir.