
Bakı. Trend:
Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində
aparılan istintaqla ölkə ərazisində həssas əhali qrupuna aid, eləcə
də məhdud hüquqi bilikləri olan şəxslərin müxtəlif vasitələrlə
aldadılaraq onların adlarına sahibkarlıq fəaliyyəti ilə məşğul
olmaq niyyəti olmadan hüquqi və fiziki şəxslərin təsis etdirilməsi,
həmin qurumlar vasitəsilə əmtəəsiz maliyyə əməliyyatlarının
aparılması və digər qanunazidd hərəkətlərin törədilməsi faktları
üzrə cinayət işi başlanıb.
Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, aparılmış istintaq tədbirləri ilə çoxsaylı
şəxslərdən ibarət olan, daxilində “vəzifə bölgüsü” aparılmış və
vahid mərkəzdən idarə olunan mütəşəkkil dəstə tərəfindən qeyd
olunan kateqoriyadan olan 300-dən çox şəxsin aldadılaraq
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti olmadan onların
adına ən azı 777 hüquqi şəxs və ən azı 103 fiziki şəxs qeydiyyatdan
keçirilməklə, vəzifə saxtakarlığı etməklə çoxhəcmli əmtəəsiz
maliyyə əməliyyatları aparılıb yalançı sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaqla, dövlətin maliyyə nəzarəti mexanizmlərini
zəiflətməklə, yalançı şirkətlər vasitəsilə qeyri-qanuni gəlirləri
leqallaşdırmaqla, statistik göstəriciləri saxtalaşdırmaqla ölkə
iqtisadiyyatına ümumilikdə 81,5 milyon manatdan çox zərər
vurulmasına, eləcə də əldə etdikləri həmin pul vəsaitlərini onların
əldə edilməsinin həqiqi mənbəyinin, kimə məxsus olmasının
ört-basdır edilməsi və gizlədilməsi məqsədilə konversiya etməklə,
köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata
keçirtməklə leqallaşdırılmasına, habelə dövlət büdcəsinə məxsus 8
milyon manatdan çox əlavə dəyər vergisi məbləğlərinin dələduzluqla
talanmasına əsaslı şübhələr müəyyən edilib.
Həmin cinayətləri törətmiş mütəşəkkil dəstənin rəhbər üzvləri də
daxil olmaqla, ümumilikdə 30 şəxs Cinayət Məcəlləsinin 178.4
(dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 193.3.1
(xüsusilə külli miqdarda ziyan vurmaqla yalançı sahibkarlıq) ,
193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı
leqallaşdırma mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda
törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində
cəlb olunaraq onlara həmin maddələrlə ittiham elan edilib, həmin
təqsirləndirilən şəxslərdən 10-nun barəsində istintaq orqanının
vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri, digərləri barəsində isə həbslə bağlı olmayan
digər qətimkan tədbirləri seçilib.
Bundan başqa, istintaqdan qaçıb gizlənən təqsirləndirilən
şəxslərdən bəzilərinin barəsində axtarışlar elan edilib.
Hazırda ibtidai istintaq davam etdirilir.
Vətəndaşlara bir daha bu kimi qanunsuz fəaliyyətlərdə iştirak
etməmək, hər hansı maddi təklif və ya vəd qarşılığında adlarına
hüquqi və ya fiziki şəxslərin təsis edilməsinə, etibarnamə
verilməsinə razılıq verməmək tövsiyə olunur.
Öz adlarına qeydiyyatdan keçirilən şirkətlərin və ya fərdi
sahibkarlıq subyektlərinin fəaliyyəti üzrə vergi öhdəliklərinin,
borcların və hüquqi məsuliyyətin məhz onların üzərində qalacağı
unudulmamalıdır.
Bu cür hallara yol verilməsi nəticəsində vətəndaşların ölkədən
çıxışına məhdudiyyət qoyulması, vergi və məhkəmə məsuliyyətinə cəlb
olunması, eləcə də cinayət işlərində iştirakçı və ya
təqsirləndirilən şəxs qismində tanınması mümkündür.
Hər bir vətəndaşdan öz şəxsiyyət məlumatlarını, “ASAN imza”
mobil nömrələrini və möhürlərini digər şəxslərə təqdim etməmələri
və bu barədə şübhəli hallarla rastlaşdıqda hüquq-mühafizə
orqanlarına məlumat vermələri xahiş olunur.

