Bu gün ölkənin bütün ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilib.
Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu il respublika üzrə 11-ci sinfi ümumilikdə 116 550 şagird başa vurub. Onlardan 55 954 nəfəri qız, 60 596 nəfəri isə oğlandır.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 25 ümumi təhsil müəssisəsində də “Son zəng” çalınıb. Həmin məktəblərdə 171 məzun olub.
Modern.az-ın məlumatına görə, builki məzunlar arasında jurnalist övladları da var. Ənənəmizə uyğun olaraq həmkarlarımızın xoş günlərinin sevincini bölüşürük.

“Müsavat” TV-nin redaktoru Sevinc Telmanqızı və “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı cütlüyü də məzun valideynləridirlər.
“Bu gün mənim Oğuzum da məzunlar dəstəsinə qoşuldu. Məzun lentini ağ köynəyin üstünə taxıb, daha bir həyat mərhələsini geridə qoydu. 11 il əvvəl məktəbə başladığı günə nəzər saldım. Nələr-nələr dəyişib, təqvim sürətlə vərəqlənib. Amma dəyişməyən tək şey-övladının xoş günündə biz valideynlərin gözündən əskilməyən o parıltı, sevinc və qürurdur… Bütün məzunları təbrik edir, uğurlu həyat yolu arzulayıram”, – deyə Sevinc Telmanqızı təəssüratını bölüşüb.

“Yenisabah.az” saytının rəhbəri Elnur Məmmədli ilə APA-nın redaktoru Nigar Abbasova cütlüyünün qızı Nərmin orta məktəblə vidalaşıb. Ali məktəbə imtahan verən Nərmin tələbə olmağa hazırlaşır.

“Xəzər” FM radiosundakı “Birinci şou” verilişinin aparıcısı Teymur Əliyev də məzun atasıdır. Həmkarımızın qızı orta məktəbə vida edib.

Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov məzun atası kimi oğlu Camal Rüstəmzadənin “Son zəng” tədbirində iştirak edib.

“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoyun oğlu Murad orta məktəbi başa vurub ali məktəbə qəbul olunmağa hazırlaşır. Muradın “Son zəng”i 287 saylı Zəkalar Liseyində olub.
Jurnalist liseyin direktoru, Əməkdar müəllim Aygün Əhmədli başda olmaqla, bütün müəllim kollektivinə, pedoqoji heyətə təşəkkür edərək, əlamətdar günlə bağlı təəssüratlarını bu cür ifadə edib:
“Bizim Muradımız da lisey təhsilini başa vurdu. Həyatın və təhsilin növbəti mərhələlərində daha böyük uğurlar arzulayırıq, əzizimiz Murad Paşa, Allah səni hər zaman muradına çatdırsın, canın sağ, ömrün uzun, bərəkətli, yolun, zehnin açıq olsun. İnşallah, bizi tələbə adınla sevindirəsən, biz sənə inanırıq!”

“Trend” İnformasiya Agentliyinin baş direktor müavini Sahil Kərimlinun oğlu Heydər Əliyev adına Liseydən məzun olub.

Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təhlükəsizliyi şöbəsinin əməkdaşı Lalə Əliyeva məzun anası olaraq qızı Ayselin uğuruna sevinir.

Dövlət Məşğulluq Agentliyi Kommunikasiya departamentinin müdir müavini – jurnalist Natiq Pənahlının oğlu 11-ci sinfi bitirən 11-cilər sırasında yer alır. Jurnalist övladı Humanitar Liseydən məzun olub.

“Pro Media Group” MMC-nin baş redaktoru Nigar Orucova oğlu Sabirin 11-ci sinfi baş vurmasının sevincini sosial şəbəkədə bölüşüb.

7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov oğlunun məzun törənindən təəssüratını belə ifadə edib:
“Şükür bu günə! Oğlum Yusif məzun oldu. Yolumuz, universitetimiz, məqsədimiz, hamısı bəllidir”.

Radio TMB 100.5FM-in əməkdaşı Pərvin Sadıqovun oğlu orta məktəbə əlvida deyərək məzun olmağın sevincini yaşayıb.
A.Qorxmaz

