Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Baş səhifə

Bakı. Trend:

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının
Qanununa edilən dəyişikliklər nəticəsində fiziki və hüquqi
şəxslərin həm fərdi, həm də kollektiv müraciətlərinin elektron
qaydada Elektron Hökumət İnformasiya Sistemindəki (EHİS) elektron
kabinetləri üzərindən təqdim edilməsi və cavablandırılmasının
hüquqi əsasları formalaşdırılıb. Məqsəd şəxslərin qurumlar ilə
qarşılıqlı əlaqələrinin daha çevik, əlçatan və səmərəli təşkilinin
təminidir.

Dəyişikliyə əsasən, elektron müraciətlərin təqdim edilməsi,
eləcə də vətəndaşların qəbula yazılması vasitələrinə şəxslərin
EHİS-dəki elektron kabinetləri əlavə olunub. Elektron müraciətlərə
müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən
müraciət edən şəxsin seçiminə uyğun olaraq EHİS-dəki elektron
kabineti, elektron ünvanı və ya poçt ünvanına göndərilməklə yazılı
cavab veriləcək.




Bununla yanaşı, EHİS üzərindən təqdim olunmuş müraciətlər
istisna olmaqla, elektron müraciətlərdə qanunvericiliklə nəzərdə
tutulmuş zəruri məlumatlar (EHİS vasitəsilə cavablandırılmasının
istənildiyi hallarda fiziki şəxsin fərdi identifikasiya nömrəsi
(FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN)
və ya elektron ünvan) göstərilmədikdə, müraciətə yazılı cavab poçt
vasitəsilə göndəriləcək.

Xatırladaq ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun
müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə başqa qayda nəzərdə tutulmadığı hallarda əcnəbilərin,
vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin
müraciətlərinə də şamil edilir.