Ermənistanda parlament seçkiləri: səslərin sayılması başlayıb

Baş səhifə
Ermənistanda seçkilərdə səsvermədə iki qadın söhbət edir

Şəklin mənbəyi, Karen MINASYAN / AFP via Getty Images

Çap edildi

Oxuma vaxtı: 3 dəq

Ermənistanda parlament seçkilərində səsvermə başa çatıb, səslərin sayılması başlayıb.

Seçki məntəqələri saat 20:00-da bağlanıb.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və Daxili İşlər Nazirliyinin Kotayk Regional Cinayət Polisi İdarəsinin əməkdaşları təxminən 45 seçiciyə seçkiqabağı 7,5 milyon dram məbləğində (təxminən 20, 5 min dollar) rüşvət verilməsi ilə bağlı cinayət sxemini aşkar edərək zərərsizləşdiriblər; yeddi nəfər saxlanılıb.

Bu barədə “Armenpress”ə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Kotayk bölgəsinin Çarentsavan icmasında Güclü Ermənistan partiyasının ofisində məsul təyin edilmiş şəxslərin, o cümlədən eyni siyasi partiyadan parlamentə namizəd kimi qeydiyyatdan keçmiş bir şəxsin, digər tərəfdarlarla əvvəlcədən əlbir olaraq, təxminən 45 seçiciyə 7,5 milyon dram məbləğində seçki rüşvəti vəd edib və verdiyi barədə faktiki məlumatlar əldə edilib”, – məlumatda deyilir.

Ermənistanda seçkilər

Şəklin mənbəyi, Ozge Elif Kizil/Anadolu via Getty Images

Seçkidə 18 yaşı tamam olmuş Ermənistan vətəndaşları iştirak edib.

Seçki reyestrına əsasən, seçicilərin ümumi sayı 2 505 102 nəfər təşkil edib. Səsvermə yalnız ölkə ərazisində açılan 2005 seçki sahələrində keçirilib.

Seçki məntəqələri səhər saat 8-də açılıb və axşam saat 8-də bağlanır və nəticələrin hesablanması prosesi başlanıb.

Yerli vaxtla saat 14:00-a olan məlumata görə, seçicilərin 33,84 faizi səsvermədə iştirak edib, Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

MSK katibi Armen Smbatyan bildirib ki, zərfdə və ya bülletendə hər hansı bir yazı olarsa, səsvermə etibarsız sayılacaq.

Ermənistan Daxili İşlər Nazirliyi bildirib ki, seçki pozuntuları ilə bağlı 29 məlumat daxil olub. Nazirliyin məlumatına görə, təkrar səsvermə ilə bağlı altı və səsvermənin gizliliyinin pozulması ilə bağlı beş hal qeydə alınıb.

Materiallar İstintaq Komitəsinə göndərilib və altı nəfər saxlanılıb. İddia edilən pozuntularla bağlı daha 121 məlumat araşdırılır.

Ermənistan, parlament seçkilərində səs verən qadın

Şəklin mənbəyi, Karen MINASYAN / AFP via Getty Images

Seçkilərdə 18 siyasi qüvvə mübarizə aparır

Seçkilər proporsional (partiya və siyasi blok siyahıları üzrə) keçirilir.

Deputat mandatları üçün 18 siyasi qüvvə – 16 partiya və 2 blok mübarizə edir.

Bülleten nömrələri üzrə:

  • İslahatçı Partiyası.
  • “Mən hamıya qarşıyam” Demokrat .
  • Güclü Ermənistan Bloku (siyahının 1-ci nömrəsi – Narek Karapetyan. Partiyanın faktiki lideri Rusiya vətəndaşı olan milyardçı sahibkar Samvel Karapetyandır).
  • Ermənistan Meritokratiya Partiyası.
  • İslahatçı Yeni Qüvvə Partiyası.
  • Birlik Qanadları Partiyası (Arman Tatoyan).
  • Firavan Ermənistan Partiyası.
  • Milli Demokrat Qütb Ümumerməni Partiyası.
  • Koçari – Milli Dirçəliş və Millətin Oyanışı Partiyası.
  • Ermənistan Milli Konqresi Partiyası lideri Levon Ter-Petrosyan, siyahıda 1-ci nömrə – Levon Zurabyan.
  • Respublika Partiyası.
  • Xristian Demokrat Partiyası.
  • Demokratik Birlik Partiyası.
  • Demokratiya, Qanun, Nizam Partiyası.
  • Vətəndaş Müqaviləsi Partiyası (Nikol Paşinyan).
  • “Ermənistan” Partiyalar Bloku (Robert Koçaryan).
  • Respublika Uğrunda – Demokratiya Müdafiəçiləri Partiyası.
  • İşıqlı Ermənistan Partiyası.

Səsvermə ərafəsində açıqlanan bəzi sorğu nəticələrinə görə, Paşinyanın Vətəndaş Müqaviləsi, Rusiyalı milyardçı iş adamı Samvel Karapetyanın himayə etdiyi Güclü Ermənistan, ermənistanlı sahibkar Qaqik Tsarukyanın başçılıq etdiyi Firavan Ermənistan Partiyası və minimum səs faizi ilə Robert Koçaryanın rəhbərlik etdiyi Ermənistan bloku Milli Məclisə mandat almaq şansına malikdirlər.

Seçkilərdə fəallıq həddinin minimumu yoxdur. Səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq, seçkilər etibarlı tanınır.

Milli Məclis ən azı 101 deputatdan ibarətdir. 4 milli azlığın nümayəndələri – yezidilər, ruslar, asurilər və kürdlər – üçün xüsusi mandatlar nəzərdə tutur.

Praktikada parlament çoxluğunu, müxalifətin təmsilçiliyini və milli azlıqların təmsilçiliyini təmin etmək üçün ayrılan əlavə mandatlar səbəbindən deputatların sayı 101-dən çox ola bilər.

Parlamentdə təmsil olunmaq üçün partiyalar minimum 5 faiz səs qazanmalıdır,

3 partiyadan az təşkil olunan bloklar üçün – 8 faizlik, 4 və ya daha çox partiyadan ibarət bloklar üçün 10 faizlik minimum hədd nəzərdə tutulur.

Parlamentdə azı üç qüvvə təmsil olunmalıdır. Buna görə, minimum həddi aşa bilməyən növbəti siyasi qüvvələrin faizləri müvafiq qaydada artırılır.

Daha çox səs qazanan qüvvə daha çox mandata sahib olur. Səslərin yarısına sahib olan qüvvə baş nazir vəzifəsinə təyin etmək üçün öz namizədini prezidentə təklif edə bilər.