
Bakı. Trend:
İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der
Lyayenin Bakıya səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində
yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Bakı və
Brüssel əməkdaşlığın gündəliyini genişləndirərək strateji
tərəfdaşlığı yeni məzmunla zənginləşdirmək niyyətini bir daha
nümayiş etdirdi.
Bunu Trend-ə
açıqlamasında politoloq Azər Qarayev deyib.
Onun sözlərinə görə, son illərdə tərəflər arasında enerji
əməkdaşlığı əsas istiqamət olaraq qalsa da, bu gün münasibətlər
artıq nəqliyyat, regional bağlantılar, “yaşıl enerji”, rəqəmsal
transformasiya, ticarət və Cənubi Qafqazda sülh gündəliyini də
əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir.
“Səfər zamanı keçirilən görüşlər və verilən bəyanatlar göstərdi
ki, Bakı ilə Brüssel arasında dialoq təkcə mövcud layihələrin davam
etdirilməsinə deyil, həm də yeni geosiyasi reallıqlara uyğun
əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına yönəlib. Prezident
İlham Əliyevin vurğuladığı kimi, son aylarda Avropa İttifaqının
yüksək səviyyəli nümayəndələrinin Azərbaycana ardıcıl səfərləri
münasibətlərdə müşahidə olunan dinamikanın təsadüfi olmadığını
göstərir. Bu kontekstdə Avropa Komissiyası Prezidentinin Bakıya
səfəri siyasi dialoqun ən yüksək səviyyədə davam etdirildiyini
nümayiş etdirdi. Tərəflər yalnız mövcud əməkdaşlığı
qiymətləndirməklə kifayətlənməyərək, gələcək onilliklər üçün
strateji istiqamətləri də müəyyənləşdirdilər”, – o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı üçün
əhəmiyyəti ilk növbədə enerji təhlükəsizliyi ilə bağlıdır.
“2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Memorandumu
Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm
dönüş nöqtəsinə çevrilmişdi. Son dörd ildə Azərbaycan qazının
Avropa bazarındakı payının artması bu əməkdaşlığın praktik
nəticəsini ortaya qoyub. Hazırda Azərbaycan qazı Avropa İttifaqının
on üzv dövlətinə ixrac edilir və bu coğrafiyanın daha da
genişlənməsi üçün potensial mövcuddur. Prezident İlham Əliyev
çıxışında bu məsələyə xüsusi diqqət çəkərək bildirib:
“Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli
təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi
səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin,
qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə
sərmayələri yatırmışdır”. Bu fikirlər Azərbaycanın enerji
siyasətinin yalnız iqtisadi deyil, həm də geosiyasi xarakter
daşıdığını göstərir. Bakı uzun illər ərzində həyata keçirdiyi iri
infrastruktur layihələri – xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə
Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş statusunu
möhkəmləndirib. Avropanın enerji bazarında yaranan yeni çağırışlar
fonunda bu əməkdaşlığın əhəmiyyəti daha da artır”, – o
bildirib.
Politoloq qeyd edib ki, səfərin diqqətçəkən cəhətlərindən biri
də enerji gündəliyinin artıq yalnız təbii qazla
məhdudlaşmamasıdır.
“Azərbaycan “yaşıl enerji” istehsalını sürətlə genişləndirir.
Prezident İlham Əliyevin açıqladığı kimi, artıq imzalanmış
müqavilələr yaxın beş-altı il ərzində ölkəyə 8 giqavat günəş və
külək enerjisi istehsal etmək imkanı verəcək. Bu isə Azərbaycanın
gələcəkdə təkcə qaz deyil, bərpaolunan enerji ixracatçısı kimi də
Avropa bazarında mühüm rol oynaya biləcəyini göstərir. Nəqliyyat və
logistika sahəsində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur.
Azərbaycan uzun illərdir Şərq-Qərb və Şimal-Cənub beynəlxalq
nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Yeni
geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyətinin artması Avropa
İttifaqının da diqqətini Cənubi Qafqaza yönəldib. Bakı limanı,
dəmir yolu infrastrukturu və regional logistika imkanları Avropa
ilə Mərkəzi Asiya arasında alternativ ticarət marşrutlarının
inkişafında mühüm rol oynayır.
Məhz bu baxımdan Ursula fon der Lyayenin səfər zamanı açıqladığı
yeni təşəbbüslər diqqət çəkir. Avropa İttifaqı “Qlobal Qapılar”
proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal
bağlantı layihələrinə 200 milyon avroya qədər qrant ayıracağını,
bunun isə 2 milyard avroya qədər əlavə dövlət və özəl investisiyanı
cəlb etmək potensialına malik olduğunu bəyan edib. Avropa
Komissiyasının Prezidenti çıxışında bunu belə ifadə edib: “Biz
bağlantı vasitəsilə sülhü gücləndirmək istəyirik”.
Bu yanaşma göstərir ki, Brüssel regionda sabitliyin təmin
olunmasını yalnız siyasi danışıqlarla deyil, iqtisadi inteqrasiya
və qarşılıqlı asılılığın artırılması ilə də əlaqələndirir.
Nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişafı həm iqtisadi
imkanları genişləndirə, həm də uzunmüddətli sülh üçün əlavə zəmin
yarada bilər”, – A.Qarayev bildirib.
Onun sözlərinə görə, səfər zamanı müzakirə olunan digər mühüm
mövzu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması
olub.
“Prezident İlham Əliyev bildirib ki, sülhü təkcə kağız üzərində
deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir
çox birtərəfli addımlar atdıq. Ermənistan istiqamətində tranzit
məhdudiyyətlərinin aradan qaldırılması, yanacaq təchizatının
başlanması və iqtisadi əlaqələrin formalaşması regionda yeni
əməkdaşlıq modelinin yaranmasına xidmət edir. Prezident İlham
Əliyev bu məqamı belə ifadə edib: “Bir sözlə, sülh artıq
reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək
üçün ürəkdən çalışmalıyıq”.
Bu fikir Azərbaycanın sülh gündəliyinə yanaşmasının mahiyyətini
əks etdirir. Rəsmi Bakı üçün sülh yalnız siyasi sənəd deyil,
iqtisadi əməkdaşlıq, regional inteqrasiya və qarşılıqlı etimadın
formalaşması prosesidir. Avropa İttifaqının da bu istiqamətdə
dəstək göstərməyə hazır olduğunu bəyan etməsi tərəflərin
baxışlarının bir çox məsələlərdə üst-üstə düşdüyünü nümayiş
etdirir”, – politoloq bildirib.
A.Qarayev qeyd edib ki, ticarət münasibətləri də əməkdaşlığın
mühüm sütunlarından biri olaraq qalır.
“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır,
Azərbaycan isə Cənubi Qafqaz üzrə Aİ-nin ən böyük iqtisadi
tərəfdaşı hesab olunur. Yeni hərtərəfli saziş üzrə danışıqların
yenidən başlanması perspektivi iqtisadi münasibətlərin daha da
genişlənəcəyinə işarə edir. Bu, investisiyaların artması, bazarlara
çıxış imkanlarının genişlənməsi və biznes mühitinin inkişafı
baxımından mühüm əhəmiyyət daşıyır.
Ümumilikdə, Ursula fon der Lyayenin Bakıya səfəri göstərdi ki,
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq yalnız
enerji əməkdaşlığı ilə məhdudlaşmır. Tərəflər regional nəqliyyat
marşrutları, “yaşıl enerji”, rəqəmsal bağlantılar, iqtisadi
inteqrasiya və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması
istiqamətlərində uzunmüddətli strateji tərəfdaşlığın əsaslarını
daha da möhkəmləndirirlər. Mövcud geosiyasi şəraitdə Azərbaycanın
həm enerji təchizatçısı, həm də Avropa ilə Asiyanı birləşdirən
mühüm logistika mərkəzi kimi rolu getdikcə artır. İyulun 1-də
Bakıda səslənən mesajlar isə göstərdi ki, qarşıdakı illərdə bu
tərəfdaşlığın gündəliyi daha geniş və daha əhatəli olacaq”, –
politoloq əlavə edib.

