
Bakı.Trend:
Türkiyədə son bir ay ərzində 23 vilayətdə “Kvalifikasiyalı
dələduzluq” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılması (pul yuyulması)” cinayətləri ilə bağlı keçirilən
45 ayrı əməliyyat zamanı 307 şübhəli şəxs saxlanılıb.
Bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Polis Baş
İdarəsinin İctimai Asayiş Departamenti məlumat yayıb.
Bildirilib ki, əməliyyatlar nəticəsində saxlanılan şəxslərin
bank hesablarında ümumilikdə 5 milyard 388 milyon türk lirəsi
məbləğində əməliyyat həcminin olduğu müəyyən edilib.
“Son bir ay ərzində kvalifikasiyalı dələduzluq və cinayət yolu
ilə əldə edilmiş əmlakın leqallaşdırılması cinayətləri ilə bağlı
ümumilikdə 45 ayrı əməliyyat təşkil olunub.
Qanunsuz gəlir əldə etməyə çalışan dələduzluq şəbəkələrinə və
cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması ilə
məşğul olan bütün qruplaşmalara qarşı mübarizə təhlükəsizlik
qüvvələri və aidiyyəti qurumlarla sıx koordinasiya şəraitində
qətiyyətlə davam etdirilir”, – deyə məlumatda qeyd edilib.

